Azərbaycanda peşə təhsili seqmenti pik vəziyyətdədir -RƏY

Bu gün peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. 
''Sherg.az" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Ceyhun Kərəmov qəbul prosesinin ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıq olduğunu söyləyib:                                                         
“2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 min min 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir”.                                                                                               
Ceyhun Kərəmov ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulunun elektron şəkildə həyata keçiriləcəyini bildirib:                                                                  
“Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi, həmçinin SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar”. 

Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, ötən il peşə təhsili müəsisələrinə tələbə qəbulu 21 min 500 olub:

''Bu il 23 min 220, növbəti il isə 25 min 78 tələbə qəbul ediləcək. Müraciət və ümumi qəbul dinamikasında da fərqlər mövcuddur. Belə ki, 2022-2023-cü ildə 92 min 745 şəxs müraciət edibsə, 2023-2024 ildə rəqəm artaraq 113 min 925 olub. Yəni, ümumi müraciət sayında 23 faiz artım var. Bütün bunlar bizi sevindirməlidir. Günümüzdəki təhsildə çatışmayan nüanslardan biri də təhsilin praktikliyi ilə əlaqənin qurula bilməmisidir. Universitetlər əmək bazarına güclü tandem təşkil edə bilmir. Bir çox ixtisasların praktikliyi demək olar ki, yox səviyyəsindədir və əmək bazarının tələblərinə cavab vermir. Ancaq peşə təhsil müəsisələrinin bir çox ixtisaslarının praktiki keyfiyyəti yüksəkdir. Son 5 il ərzində peşə texniki səviyyəsi üzrə 34 proqram icra olunub. Adətən, peşə təhsili ilə bağlı problemlərdən danışarkən dərslik məsələsini daha çox qabardırıq. 2020-ci ildə peşə təhsili müəsisələrinə 26 adda 99 min 622 ədəd dərslik buraxılmışdısa, bu rəqəm 2021-ci ildə 33 adda 116 min olub. Qeyd edək ki, burada 2 cür ixtisas və ümumi dərsliklər keçilir''.

Ekspert vurğulayıb ki, təhsilə dair problemlərdən danışarkən görülən işlərdən də bəhs etməliyik :
''Çünki Azərbaycan təhsilində 10 il ərzində praktiki və nəzəri baxımından ümid doğruldan məhz, peşə təhsilidir. Doğrusu, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisasın tədris olunacağını gözləmirdim. Bu göstəricinin 30 civarında olacağını təxmin edirdim. Çünki Azərbaycanda peşə təhsili seqmenti pik vəziyyətdədir. Ümid edirəm ki, gələn il bu rəqəm kifayət qədər artırılacaq".