"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir.
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.
Ceyhun Kərəmov deyib ki, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq. O bildirib ki, həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır.
Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib. Agentlik ditektoru, həmçinin 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb.