Elçin Süleymanov: Regionlarda şagird sayının az olması qloballaşmanın gətirdiyi prosesdir

Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır.
Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır:
“Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, regionlarda şagird sayının az olması qloballaşmanın gətirdiyi prosesdir:

“İnsanlar daha çox şəhər mərkəzinə, iş imkanı olan yerlərdə yaşamağa üstünlük verirlər. Şagirdlərin azalması, gənclərin iş arxasınca müxtəlif yerlərə getməsindən qaynaqlanır. Sovet dövründə ilk başlanğıc illərdə, eyni zamanda Cumhuriyyət Türkiyəsində tətbiq olunan bölgə məktəblər sistemi var idi. Azərbaycanda əksər kəndlərdə də ibtidai məktəb mövcud idi. 8 illik məktəb bir neçə kəndi əhatə edir, orta məktəb isə daha böyük yaşayış məskənlərində olurdu. Yəni bənzəri təcrübə yenidən qurula bilər. Yəni bir neçə yaxın kəndi əhatə edən böyük bir məktəb qurula və bu məktəbin infrastrukturunu möhkəmləndirərək digər şagirdlərin gəliş gedişini nəqliyyatla təmin etmək olar. Ən qısa yol budur. Rayonlarda ən savadlı şagirdlərin birləşdiyi təmaül məktəblər var. Bu məktəblər fizika, kimya və riyaziyyat fənnləri istiqamətlərindədir. Bütün ərazini əhatə edən ən savadlı, ən bacarıqlı şagirdləri sözügedən məktəbələrə cəlb edirlər. Hətta həmin şagirdlər yataqxanada qalır və yeməklə təmin edilirlər. 6 cı sinifdən yuxarı şagirdlər üçün də belə həll yolu ola bilər. Digər şagirdlər daha hazırlıqlı və regiondan gələnlərin göstəriciləri zəifdirsə, adaptasiya problemi ola bilər. Düşünürəm ki, yaxşı göstəriciləri olanları gördükdən sonra öz göstəricilərini də yüksək edəcəklər. Hazırda iqtisadiyyatın cazibə mərkəzi Abşeron Bakı ərazisidir. Buna görə də əksəriyyət bu ərazidə yaşamağa üstünlük verir. Regionlarda da cazibə mərkəzi və gənclərin məşğulluq problemləri həll olarsa yaşadıqları ərazidə övladları təhsil alar”.