İnkişaf etmiş bir çox ölkədə həm tələbələrə, həm də müəllimlərə xüsusi güzəştlər tətbiq edilir
“Tələbələrin təqaüdü heç onların nəqliyyat xərclərini ödəməyə yetmir. Müəllimlər də, xüsusilə uzaq məsafədə yaşayanlar əməkhaqqının böyük bir qismini nəqliyyat xərclərinə sərf edir”
Güzəştli kartlar tələbələrə verildi, amma müəllimlər növbəti ili gözləməli olacaq. Xatırladaq ki, ötən ay BDU-nun tələbələrinə “TələbəPlus” güzəştli kartlar təqdim edilib. Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Təhsilin İnkişafı Fondunun reallaşdırdığı bu layihə gənclərin təhsil həyatında önəmli rol oynayacaq: “Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir.
“TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”. TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O bildirib ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb: “Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”. Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə – pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.
Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları isə 2025-ci ilin ilk rübündə ölkəyə gətiriləcək. Bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib. O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: “Təhsil kart”ların hazırlanması, ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, - deyə qurum rəhbəri qeyd edib.
Müəllim və tələbələrin güzəştli kartları, həqiqətən də, onların sosial baxımdan imtiyazlar əldə etməsinə səbəb olacaqmı?
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, təhsilalanlar və təhsilverənlər cəmiyyətin əhəmiyyətli hissəsini təşkil edən sosial təbəqədir. Və bu təbəqə aztəminatlı, sosial dəstəyə ehtiyacı olan hesab edilir. Tələbələrin təqaüdü heç onların nəqliyyat xərclərini ödəməyə yetmir. Müəllimlər də, xüsusilə uzaq məsafədə yaşayanlar əməkhaqqının böyük bir qismini nəqliyyat xərclərinə sərf edir:
- Bu təbəqənin maddi rifahının yüksəldilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edə biləcək amildir. Güzəştli kartlar vasitəsilə maddi dəstəyin gücləndirilməsi müəllim və tələbələrin motivasiyasını artıracaq, keyfiyyətli təhsilin təmin olunmasına kömək edəcək. İnkişaf etmiş bir çox ölkədə həm tələbələrə, həm də müəllimlərə xüsusi güzəştlər tətbiq edilir. O cümlədən də vergi güzəştləri. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir. Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlərə də təhsil sektorunda qalmaq üçün cəlbedici bir mühit yaradar.
K.Əsədov bildirdi ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verəcək:
- Bununla peşəkarlığın artmasına yardım edilmiş olur. Müəllimlər müxtəlif kurslara, təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar. Müəllimlərin əməkhaqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir. Güzəştli kartlarla müəllimlər üçün müəyyən imtiyazlar nəzərdə tutulur. Hesab edirəm ki, müəllimlərə ən böyük güzəşt məhz nəqliyyatdan istifadədə verilməlidir. Həmçinin tələbə və şagirdlərə də. Tələbə muzeyə, sərgi salonuna ildə, ayda bir dəfə gedir, amma hər gün ictimai nəqliyyatdan istifadə edir, həm də bir neçə dəfə. Yəni müəllim və tələbələrin maddi vəziyyətinə əsaslı şəkildə dəstək verilməsini istəyiriksə, ən çox ehtiyac duyulan məsələdə güzəşt verməliyik. Bu, ilk növbədə ictimai nəqliyyatdan istifadədə və qidalanmada tətbiq edilməlidir. Tələbə gün ərzində bir dəfə yeməkxanada pulsuz qida ilə təmin edilə bilər. Həmçinin, dərs ləvazimatlarının alınmasında da güzəştlər edilməlidir. Özəl sektor – surətçıxarma məntəqələri bəzən görürük ki, elanlar verir, tələbələrə endirimlə xidmət göstərmələri barədə. Bu, çox yaxşıdır. Ali məktəblərin yaxınlığında belə xidmət yerlərinin olması lazımdır. Həllini gözləyən ən vacib problem isə yataqxanaların bərpasıdır.