Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsilə qəbul prosesində bəzi dəyişikliklər edilə biləcəyini deyib.
Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil nazir deyib ki, hazırda bir uşağın 1 il məktəbəqədərə getməyi 4200 manata başa gəlir.
Emin Əmrullayev qeyd edib ki, ölkədə hər il orta hesabla 120 min uşaq doğulur:
“Məktəbəqədər təhsil müəssisələrinə qəbul növbəli şəkildə aparılır. Hazırda məktəbəqədər müəssisəyə qəbul ananın işləyib-işləməməsini nəzərə almır. Başqa sözlə, heç də bütün hallarda işləyən qadınlar öz övladlarını məktəbəqədər müəssisəyə qoya bilmir. Bu islahatın növbəti mərhələsi ola bilər. Həm ailənin sosial-iqtisadi vəziyyəti, həm də ananın işləyib-işləməməsi məsələsini nəzərə ala bilərik. Hazırda kim qeydiyyata birinci gəlir, sistem onu qeydiyyata alır. 100 yer varsa, ilk gələn 100 adam qeydiyyata düşür, 101-ci adam öz növbəsini gözləyir. Burada başqa məqam şəhər və kənd yerləri məsələsidir. Kənd yerlərində bizim məktəbəqədər müəssisələrdə boş uşaq yerlərimiz var. Məsələn, 10 min belə boş yer bar. Ancaq Bakı şəhərində 30 min insan boş yer gözləyir”.
Nazirin fikirlərinə münasibət bildirən "məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a deyib ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydalarının asanlaşması ilə bağlı qrand müsabiqəsi elan etdi:
"Bununla dövlətlə yanaşı, özəl bağçalara da qəbul aparıla biləcək. Bu, artıq Elm və Təhsil Nazirliyinin ayırdığı qrand hesabına başa gələcək. Beləki ödənişlərin bir qismi valideynlərin, digəri dövlət hesabına ödəniləcək. Bu üsulla problemi qismən həll etmək olacaq. Bildiyiniz kimi, bağçalar keçən ilə qədər icra hakimiyyətlərinin tabeliyində olub. Amma Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra ciddi struktur dəyişikliyinə səbəb olan islahatlar aparılır. İndi isə müəllimlərin işə imtahan vasitəsi ilə götürülməsi və sertifikasiyası gündəmdədir. Bu kimi nüanslar keyfiyyətin artırılmasına hesablanıb. Lakin hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələri ümumi əhalinin hansı hissəsini təşkil etməsi sual altındadır. Çünki həmin rəqəm 20 faizi keçmir. Fikrimcə, ölkədə xüsusi ilə əhalinin sıx yerləşdiyi ərazilərdə bağçaların sayı artırılmalıdır. Nazirində dediyi kimi elə kənd və qəsəbələr var ki, bağçalarda kifayət qədər boş yer var. Bu da kənd əhalisinin iş dalınca paytaxta yerləşməsi ilə əlaqədardır. Nəticədə rayonlarda boşluq, şəhərdə isə sıxlıq yaranır. Bunun qarşısını almaq üçün kompleks tədbirlərə ehtiyac var. Məsələn, həmin yerlərdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dair addımlar atıla bilər".