İsti yay günlərinin əvəzedilməzi sərinləndirici içkilərdir. İnsanlar, xüsusilə də gənc nəslin nümayəndələri. qazlı və enerji içkilərdən daha çox istifadə edirlər. Bu isə baş verə biləcək xəstəlik risklərini daha da artırır. İstər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada demək olar ki, hər gün həmin içkilərin reklamları ilə rastlaşırıq.
Maraqlıdır, bunların nə kimi zərəri var? Ümumiyyətlə, qızmar yay günlərin də sərinləndirən faydalı içkilər hansılardı?
Suallarımızı cavablandıran qida eksperti Fərid Səfərov ''Sherg.az"a deyib ki, bu cür içkilərin tərkibində karbon qazı, karamel, fosfor turşusu, kofein, rəngləndiricilər, fruktoza, qlükoza siropu, şəkər və dadlandırıcılar kimi süni dadlandırıcılar var:
''Bu içkilərin tərkibindəki kofein insanlarda asılılığa, hipertoniya və yuxusuzluq problemlərinə səbəb olur. Şəkər isə bir yetkinin gündəlik maksimum şəkər qəbulunu keçə bilər. Ümumiyyətlə sadə şəkərlərin həddindən artıq istehlakı piylənmə, diabet, ürək xəstəlikləri və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həmçinin bu içkilərdə yüksək miqdarda fosfor turşusu var ki, bu da dişlərdə çürümə yaradır. Süni dadlandırıcılar və konservantlar isə reflü kimi mədə xəstəlikləri ilə nəticələnir. Həmçinin, süni qoruyucu və dadlandırıcılar böyrək daşı kimi problemləri yaradır. Soyuq, qazlı, şəkərli içkilərin qəbulu bədəndə susuzluq törədir. Ona görə də tövsiyə olunur ki, bu cür içkilər həyatımızdan tamamilə çıxarılsın. Bunun əvəzinə faydalı və ziyansız olaraq bol su və ayran içmək olar. Təbii ki, burda da normanı tənzimləmək lazımdır''.