"Nəfis dad" kolbasasından karton çıxdığı iddia edilir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ qurum tərəfindən nəzarətə götürülüb:
"Sosial şəbəkələrdə yayılan görüntülər əsasında müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
Hadisə ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib ki, ərzaq malının içərisindən kənar cismin çıxması sanitariya qaydalarına əməl olunmamasından xəbər verir:
''Belə hallar yolverilməzdir və qida təhlükəsizliyinin pozulması hesab olunur. Çox təəssüf ki, sözügedən sahədə Qida Təhlükəsizlik Agentliyi ciddi iş apara bilmir. Bəzən işdən qovulan biri və yaxud rəqib şirkətlər müəyyən adamların əli ilə xoşagəlməz işlər planlayır. Məsələn, çox vaxt çörəklərdə belə üsuldan istifadə edilir. At və yaxud insan tükünü iynəyə keçirirlər, daha sonra çörəyi sıxaraq içinə daxil edirlər. Növbəti mərhələdə isə iynəni çıxardırlar və tük çörəyin içərisində qalır. Bununla şər atırlar ki, guya, çörəyin içərisindən tük çıxıb. Fürsətdən istifadə edərək həmin insanlara çağırış edirəm ki, belə əməllərdən çəkinin. Sözügedən hadisəyə gəlincə, bununla bağlı AQTA ciddi araşdırma aparmalıdır".