Elşad Paşasoydan etiraz: "Biz niyə bu qədər xırdaçı olduq?"

"Çayın suyuna görə də şəhidlərimizə borcluyuq" 

"İsa bulağından dəmlənən çayın ehsan edilməsi sahibkarın da hörmətini artırar, mənfəətinə də bərəkət gətirər"


"Əvvəlcə Laçında "çayın daşması", ardınca Şuşada "çayın qiyməti"... Belə söhbətlər çox uzandı, lap çox. Gərək hər kəs bu kimi məsələlərə bağlı daxilində senzura tətbiq eləsin, "həddini-səddini aşmasın"".

"Sherg.az" xəbər verir ki, bunu tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib. 

Ekspert bildirib ki, çayın aşıb-daşa biləcəyini öncədən ehtimal edib, zəruri tədbirlər görməli olanlardan tutmuş, çayların dünyanın hər yerində aşıb-daşdığı reallığını anlamalı olan digərlərimizədək hamı üzərinə düşəni etməlidir: 

"Oldu, keçdi. Dövlət böyük layihələr həyata keçirir, qurur, tikir. Hay aparanların yerində nəhəng işlər görülür, çay aparanlar da yenilənəcək, əmin-arxayın olun! "İsa bulağı"ndakı çayın qiymətinə gəldikdə...İlk dəfə deyil ki...Bakı Bulvarından başlamış, Həkəri bulvarınadək hər yerdə bu söhbətlər olub, olacaq. İş adamları bir az məsuliyyətli olsalar, söz-söhbət bu qədər böyüməz. Həm də...Məhərrəmlik ayıdır. Olmazmı ki, şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına azad olunmuş torpaqlarımızda çox demirəm, bir neçə gün Qarabağı ziyarət edənlərə çay+halva ehsan edilsin, həm də müqəddəs şəhidlərimizin ehsanı olaraq? Biz niyə bu qədər xırdaçı olduq? Çayın suyuna görə də şəhidlərimizə borcluyuq, saf çeşmələrdən, İsa bulağından dəmlənən çayın ehsan edilməsi sahibkarın da hörmətini artırar, mənfəətinə də bərəkət gətirər. Bəlkə bir təşəbbüs olsun, nə deyirsiniz? Şəxsən mənə çox ağır gəlir bu söhbətlər, 44 günlük Zəfər Müharibəsinin növbəti ildönümü ərəfəsində "çay söhbəti". Özü də çayın Vətənində... Zəfərimizə uyğun düzlənməliyik! Bizi düşmən də izləyir...".