Azərbaycanda hepatitləri diş həkimləri yayır -İnfeksionistdən ŞOK AÇIQLAMA

Düzgün dezinfeksiya işlərinin görülməməsi xəstəliyin əhatə dairəsini genişləndirməsinə gətirib çıxarır


Ötən gün dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü idi. 
Bu qərar Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən verilib. 
Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni 2 milyarda yaxını hepatitdən əziyyət çəkir, 325 milyon nəfər, yaxud Yer kürəsinin hər üç sakinindən biri hepatit B və ya C virusu ilə yaşayır. Hər il 900 min nəfər B virusundan vəfat edir.
  B və C hepatitləri hər il 1,4 milyon insanın həyatını itirməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.
  Bu mövzuda danışan  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib ki, Hepatit viruslarından A və E fekal-oral dediyimiz, yəni infeksiyalara məruz qalan əl, su və qidadan yoluxulur: “Hepatit B, C, D isə qan, tüpürcək, vaginal mayelər və sperma kimi yoluxan bədən mayeləri ilə təmas yolu ilə yayıla bilər. Bəzi hallarda pasientlər hətta hardan və necə yoluxuduqlarını belə xatırlamır, çox vaxt da etiraf etməkdən çəkinirlər. Qorunmaq üçün bir çox şəxsi gigiyenik vasitələrə diqqət etmək vacibdir. Məsələn, dırnaqtutan, daraq, diş fırçası, xanımların manikür zamanı istifadə olunan alətlərin və s. şəxsi olması tövsiyə edilir. Qan və bədən mayesi ilə kontakta ola biləcək istənilən vasitə digər insanlar tərəfindən istifadə edilməmişdən öncə mütləq sterilizasiya olunmalıdır.
  Hepatitin əlamətlərinə gəldikdə isə həkim deyib ki, bu virusların əsas hədəf orqanı qaraciyərdir ki, onu zədələyib sıradan çıxarırlar. Qaraciyər sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox vacib funksiyanı səssizcə yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir, simptomlar yalnız xəstəlik irəlilədikdən sonra görünür. Qaraciyər xəstəliyinin əsas əlaməti halsızlıq, güc itkisi və yorğunluqdur. Virus kəskin və xroniki gedişli olur. Kəskin hepatit virusu zamanı xəstənin gözləri, dərisi saralır, halsızlıq, iştahsızlıq, ürək bulanma və s. əlamətləri ilə müşahidə edilir. Kəskin gedişli hepatit A el arasında sarılıq xəstəliyi kimi tanınır. Bu virusa insan bir dəfə yoluxa bilər, kəskin sarılıqla müşahidə edilir. Bəzi hallarda kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu dövrdə xəstələrin narahat olmaması və qaraciyərini lazımsız əlavə dərmanlarla yükləməməsi vacibdir. Əlamətlər üzə çıxdıqdan ilk 14 günü digər insanları yoluxdurmamaq üçün təmasdan çəkinmək lazımdır və həkimə müraciət etmək şərtdir. Hepatit B və C daha sakit keçir. Pasiyentlər çox zaman öz xəstəliklərindən xəbərsiz olur və təsadüfən müayinələr zamanı aşkar edilir.
  Hepatit B daşıyıcısı olan əksər pasiyentlər bir immunoloji statusda olurlar. Yəni qanda virus aşkar olunsa da, lakin qaraciyəri zədələmir. Bu qrup xəstələr müalicə olunmur, sadəcə izləmədə qalırlar. Pasiyentlər digər şəxsləri yoluxdura bilər, ona görə də daşıyıcılığı olan şəxslərin ailə üzvlərinin Hepatit B-yə qarşı vaksinasiya olunmaqları tövsiyə edilir.
Hepatit B xəstələrində bəzən D hepatit virusuna da rast gəlinir. Bu iki virus birgə qaraciyərdə ciddi fəsadlara yol açaraq, sirroz xəstəliyinə səbəb ola bilir. D virusu sərbəst şəkildə yaşaya bilmədiyindən yalnız hepatit B olan xəstələrdə rast gəlinir.
  Hepatit C çox nadirən kəskin gedişli olaraq, əksəriyyət xəstələrdə xroniki qaraciyər xəstəliyinə yol açır. Hepatit C virusunda daşıyıcılıq anlayışı yoxdur. Virus qanda aşkar edilibsə, mütləq müalicə olunmalıdır.
Hepatit E az rast gəlinən bir hepatit virus növüdür, əsasən Şərqi və Cənubi Asiya regionunda yayılıb, öz-özünə üç həftəyə sağalan bir xəstəlik hesab edilir”.
  E.Məmmədov həmçinin  qeyd edib ki,  Hepatit B virusunun tam müalicəsi olmasa da, bu virusu “dondurub” qaraciyərin zədələnməsinin qarşısını almaq olur: “Hepatit A və E öz-özünə sağaldığında spesifik dərmanı yoxdur. Hepatit C iki, üç aya tam sağalan bir virusdur, mövcud müasir dərmanlarla bu xəstəlikdən tam qurtulmaq mümkündür. Dərman vasitələrinin əlçatanlığı xroniki qaraciyər xəstəliklərinin müalicəsi üçün çox əhəmiyyətlidir.  Hepatit A, B, D, E-dən qorunmanın ən yaxşı yolu  vaksindir. 
  Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür. Bu vaksinlər həm uşaq, həm də böyüklər üçün mövcuddur və virusdan qorumaqda təhlükəsiz və effektivdir.
Bildiyiniz kimi, artıq bütün yeni doğulan uşaqlar vaksinasiya proqramı çərçivəsində vaksinasiya olunur. Tibb işçiləri, insanlarla birbaşa təmasda olan xidmət sektorunda olanların hepatit B-yə qarşı vaksinasiya olunması ciddi tövsiyədir. Belə ki, ÜST bütün körpələrə, peyvənd olunmayan uşaqlara və yeniyetmələrə, 19-dan 59 yaşa qədər böyüklərə və hepatit B infeksiyası üçün risk faktorları olan 60 və yuxarı yaşlı insanlara hepatit B peyvəndini tövsiyə edir. Hepatit B üçün bilinən risk faktorları olmayan 60 yaş və ya daha yuxarı böyüklər də hepatit B peyvəndi oluna bilərlər. Hər bir kəsə heç olmasa ömründə bir dəfə hepatit B və C-yə görə test etdirməyi məsləhət görürəm. Mümkün olduqda, illik profilaktik yoxlamalar zamanı hepatit viruslarını test etməsi məqsədəuyğundur. Virus aşkar edilərsə, müalicə, monitorinq və qorunma üçün peyvənd etməyi tövsiyə edərdim.
 
 İnfeksionist-hepatoloq Mərdan Əliyevin “Sherg.az”a açıqlamasına görə, virus hepatitləri bu gün dünyada ən aktual xəstəliklərdəndir. Bu xəstəlikləri aktual edən onların dünyada geniş yayılması, təhlükəli ağırlaşmalarının olması və ölüm göstəricilərinin yüksək olmasıdır: 

“Qeyd edək ki, sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar - anadan körpəyə yoluxma yolu ilə keçə bilər.
  Azərbaycanda xəstəliyin daha çox yayılmasında diş həkimləri rol oynayır.  Onlar istifadə etdiyi alətləri dezinfeksiya etmədikdə xəstə orqanizmindən sağlam orqanizmə virus yoluxdura bilər. Bura həmçinin əməliyyatlar da daxildir. Düzgün dezinfeskiya işlərinin görülməməsi xəstəliyin əhatə dairəsini genişləndirməsinə gətirib çıxarır. Azərbaycanda hepatitə nə qədər insanın yoluxması ilə bağlı konkret statistika yoxdur. Ona görə də, bu barədə məlumat vermək bir az çətin olar. Lakin dünya ortalamasına Azərbaycan da daxildir. Azərbaycanda da bu virus çox yayılıb. Əsasən Cənub zonasında və Bakıda daha çox yayıldığını müşahidə edirik. Hepatit B və C ən çox yayılan xəstəliklər sırasındadır”.

 M.Əliyev deyib ki, hepatitlər artıq tam sağalan xəstəlikdir:
"Yeni birbaşa təsirli antiviral dərmanlar vasitəsilə ağırlaşmamış formalarda virus tamamilə qandan təmizlənmiş olur. 2 yaşına qədər olan uşaqları sadəcə olaraq nəzarətdə saxlayırıq və qaraciyərdə zədələnmə görünməyənə qədər müalicəyə başlamırıq.  Böyük uşaq və yetişkinlərdə isə  artıq dərman müalicəsinə başlanılır. Burada virusun genotipi, virus yükü, rezisdentiyi, qaraciyərin zədələnmə dərəcəsi, xəstəliyin mərhələsi və xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla müvafiq müalicə təyin edilməlidir”.