Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?

  Kərə yağı səhər süfrələrinin də, mətbəxlərin də vaz keçilməzidir. Amma son illərdə saxta yağlar o qədər çoxaldı, möhtəkirlik o qədər artdı  ki, insanlar kərə yağına inamı itirdi. İndi hətta bölgələrdən, kənddən gətirilən, göndərilən kərə yağına da etibar etmək olmur. Rəng məsələsi də insanların şübhəsini artırır. Kərə yağınını bəzən sarı, bəzən də sarımtıl, hətta ağ, süd rəngində olanları da satılır. Qida mütəxəssisləri sarı kərə yağı ilə ağ rəngdə olanın fərqini izah edib.   

  “Sherg.az” “Millieyt.com.tr”yə istinadən xəbər verir ki, kərə yağının rəngi inəyin südündən, daha dəqiq desək, sağılan inəyin nəylə qidalandığından asılıdır. İnəklər tərkibində beta-karotin olan təzə ot yeyəndə sağılan süddən hazırlanan kərə yağı sarı rəngdə olur. Otun tərkibindəki beta-karotin maddəsi südə - ondan hazırlanan kərə yağına rəng verən piqmentdir. Ona görə də təzə otla qidalanan inəklərin südündə beta-karotin maddəsi çox olur, nəticədə inəyin südü də yağlı olur. Ancaq inəklərin yemində tərkibində bu piqment əskikdirsə, süd yağsız olur və açıq rəng alır. Kərə yağının rənginə və keyfiyyətinə sağmal heyvanların yeminin böyük təsiri var. Kərə yağı haqqında bilməli olduğunuz başqa bir təfərrüatı da məhsulun hazırlanma vaxtı ilə əlaqədardır. Qışda sağılan heyvanın südü ilə, yaz-yay aylarında sağılan heyvanın südü fərqlidir. Əgər marketlərdə açıq rəngli və demək olar ki, ağ kərə yağı görürsünüzsə, bunun böyük ehtimalla qış südündən hazırlandığını başa düşməlisiniz. Yağın açıq rəngdə olmasının digər səbəbi isə yağsız süddən alınmasıdır. Tərkibində az yağ olan süddə onu sarıya çevirən piqment yoxdur. Piqment çatışmazlığı və qidalanma ilə yanaşı, emal üsulu da yağın rənginə təsir edən amillərdəndir. Kərə yağı həddən artıq emal edildikdə və bərk çırpılanda onun içində hava qabarcıqları yığılmağa başlayır. Bu qabarcıqlar işığı əks etdirərək yağın daha az sarı olmasına səbəb olur. Tutqun və ağ görünüşə malik olan kərə yağının əsas problemi onun emal çətinlikləridir. Lakin bu, kərə yağı istehlakında heç bir problem yaratmır. Hansı kərə yağının ən faydalı olduğu ilə maraqlananlar üçün cavabımız sarı rəngli kərə yağıdır. Lakin bu o demək deyil ki, ağ kərə yağı tamamilə faydasızdır. Bu, həm də insanların seçimindən asılıdır. Elə insanlar var daha az yağlı məhsulu tərcih edir. İstifadə etdiyiniz kərə yağının orijinal olub-olmadığını anlamaq üçünsə belə üsul tətbiq edə bilərsiniz; bir parça kərə yağı götürün və isti su ilə bir qazana atın. Bir parça əriyib kiçilirsə, gerçəkdir, suda parçalanmağa davam edirsə, saxtadır. Bazarda mövcud olan müxtəlif yağ növlərini belə ayırd edə bilərsiniz.