Ermənistan tarixində ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.
APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu barədə ölkənin prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Sözügedən vəzifəyə bundan əvvəl ölkənin BƏƏ-dəki diplomatik korpusuna rəhbərlik etmiş Karen Qriqoryan gətirilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrından etibarən qurulub.
Maraqlıdır, Ermənistanın müsəlman ölkələri ilə yaxınlıq qurmaqda məqsədi nədir? Bu, Ermənistan -Səudiyyə Ərəbistan münasibətlərinə necə təsir edəcək?
Məsələni dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Sherg.az”a deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistanla diplomatik əlaqə saxlamayıb:
''Ermənistan bu istiqamətdə çox cəhd göstərib, lakin qarşı tərəf bunu müsbət qarşılamayıb. Son zamanlar İslam Konfransı Təşkilatına üzv olan ərəb ölkələri qurumun qəbul etdiyi qətnamələrə əməl edərək Ermənistanla xarici ticarət əlaqələrini genişləndirir. Xususilə son illər bu istiqamətdə daha çox fəallıq var. Eləcə də Ermənistan Ərəb ölkələri və Küveytlə iqtisadi əlaqələri genişləndirmək istiqamətində addımlar atır. İndi isə Səudiyyə Ərəbistanı ilə əlaqələrin genişlənməsinə və diplomatik münasibətlərin yaranmasına dair xəbərlər yayılıb. Ermənistan müsəlman ölkələri ilə yaxınlığı özünün xarici siyasətindəki prioritetlərdən sayır. Səudiyyə Ərəbistanı ərəb ölkələrinin ağsaqqalı sayıldığından Ermənistana yaxınlaşa bilər. Bu da Ermənistanın ərəblərlə iqtisadi əlaqələrinin genişlənməsinə təsir edəcək. Həmçinin, bu vəziyyət Ermənistanı Rusiyadan bir sıra istiqamətlərə asılılığı azalda bilər".