Biabırçı Paris Olimpiadası: Açılış mərasimində siyasi motivlər daha qabarıq şəkildə özünü göstərdi -Şərh

Bir çox ekspert dairələri, beynəlxalq ictimaiyyət və siyasətçilər tərəfindən tarixin ən bərbad açılış mərasimi kimi qiymətləndirilən tədbirə səhnə olan Paris-2024 Yay Olimpiya Oyunları hər ötən gün növbəti rüsvayçılıqlarla ön plana çıxır.Belə ki, Paris Yay Olimpiya Oyunlarında çempion olan cüdoçumuz Hidayət Heydərovun qələbə qazandığı görüşdən sonra Azərbaycan bayrağı ilə sevinməsinə imkan verilməyib. Lakin ABŞ və Yaponiya komandasının idmançılarının Olimpiya Oyunlarında qələbəni öz ölkəsinin bayraqları ilə qeyd etməsinə dair çoxsaylı kadrlar mövcuddur.
Eyni zamanda Olimpiya Oyunlarının açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan oyunçuları keçərkən “Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu” kimi ifadə işlədib, Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.
 İdman siyasətdən uzaq olduğu üçün Fransa bu kimi hallara yol verməklə növbəti dəfə qərəzli mövqeyini ortaya qoyur. 

Qeyd edək ki, Fransa hakimiyyəti Yay Olimpiya Oyunları ərəfəsində 5 minə yaxın evsiz miqrantı Parisdən qovmuşdu.

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Fransada keçirilən Olimpiada biabırçı hadisələrlə yaddan qaldı:

"Açılış mərasimində siyasi motivlər daha qabarıq şəkildə özünü göstərdi. Eyni zamanda Fransanın keçmiş müstəmləkələri, xüsusilə də Əlcəzairin etirazları Olimpiadanı fərqli istiqamətə yönəltdi. Olimpiada oyunlarında dini, mənəvi dəyərlərin təhqir olunması Fransanın rəzilliyini bir daha sübuta yetirdi. Məsələn, İsa peyğəmbərin təhqir olunmasına görə Fransa səfiri İran Xarici işlər Nazirliyinə çağrıldı və ona etiraz bildirildi. Bunun fonunda cinsi azlıqların kütləvi şəkildə təbliği də Olimpiadanı təşkil edənlərin əsil simasını ortaya qoydu. Xüsusilə də Olimpiadada Azərbaycana qarşı düşmənçilik sezilirdi. Azərbaycanlı idmançılar keçən zaman fransız şərhçinin Azərbaycanı fərqli şəkildə təqdim etməsi və ədalətsiz, qərəzli sözlər Parisin Bakıya qarşı niyyətini bir daha göstərdi. Amma bütün maneələrə baxmayaraq  Azərbaycan cüdoçusu Hidayət Heydərov 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Fransada Azərbaycan bayrağınının dalğalanmasına, himninin səslənməsinə səbəb oldu. Bu möhtəşəm qələbə Fransa hakimiyyətində qəzəblə qarşılandı. Fransa hakimiyyəti hazırda Azərbaycan qarşı qərəzli, ədalətsiz siyasət aparır. Fransanı daha çox qıcıqlandıran isə törətdikləri hadisələrin Azərbaycan tərəfindən cavabını almasıdır. Çünki Fransa öyrəşib ki, ölkələrə ədalətsiz yanaşma sərgiləsin, amma ona cavab verilməsin. Rəsmi Bakı isə Fransanın təhdidlərinə boyun əymək niyyətində deyil".