Ermənistanda kadr islahatları: Paşinyanın ordusu və Sərhəd Qoşunları idarə olunmaz vəziyyətdədir -AÇIQLAMA

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına yeni komandan təyin edilib. 
Bu barədə Prezident Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Məlumata görə, yeni komandan Edqar Hunanyan Baş nazir Nikol Paşinyanın təklifi ilə bu vəzifəyə uyğun bilinib.
Qeyd edək ki, bundan öncə E.Hunanyan Milli Təhlükəsizlik Xidməti komandirinin birinci müavini – baş qərargah rəisi vəzifəsini tutub. 

Ermənistanın sərhəd xidmətində müəyyən dəyişiklik etməsinin gözlənilən olduğunu bildirən hərbi-siyasi ekspert Telman Qasımov “Sherg.az”a söyləyib ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması prosesi zamanı narahatlıq yaranmışdı:
“Ermənistan Baş naziri Nikol Paşinyan Kirantsa səfəri zamanı da bildirib ki, sərhəd qoşunlarımızda dəyişikliklər və islahatlar aparmaq lazımdır. Müəyyən yerlər var ki, Ermənistan sərhədçiləri operativ sərhədləri qoruya bilmir. Eyni zamanda avqust ayında "Zvartnots" hava limanından Rusiya qüvvələrinin çıxma vaxtı çatır. Həmin qoşunlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə bağlıdır. Yəqin ki, sızmalar olub ki, keçmiş komandan Rusiyanın adamıdır. Ümumiyyətlə Nikol Paşinyan Qərb və Amerikanın vasitəsilə güc və digər strukturlarında təmizləmələr aparır”.

Ekspert qeyd edib ki, Azərbaycana qarşı Kəlbəcər və Tovuz istiqamətindən provokasiyalar həyata keçirildi:
“Görünür ki, Paşinyanın ordusu, sərhəd qoşunları idarə olunmaz vəziyyətdədir və ona görə də islahatlara yenidən başlayıb. Ermənistanın güc strukturlarında kadr qıtlığı mövcuddur. Hazırda Qərbin nəinki Ermənistan sərhəddinə, hətta ordusuna da müdaxilələri getdikcə artır. Ermənistanda Rusiya qoşunlarının Amerika ilə əvəzlənməsi gözləniləndir. Amma dövlət səviyyəsində bununda bağlı yanaşma yoxdur. Sadəcə olaraq erməni ekspertləri ara-sıra fikir bildirirlər ki, Rusiya qoşunlarını müttəfiq ölkənin, xüsusilə də Fransanın qoşunları əvəz edəcək. Hətta söyləyirlər ki, onlar Ermənistanın sərhədlərinin qorunmasına da dəstək verə bilərlər".