Hər kəs bu mənfur cinayətə qarşı həmrəylik göstərməlidir -RƏY

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
 
  Səfərbər olmalıyıq
  
Vətəndaşlarımız insan alveri probleminin mahiyyətini, onun masştabını, təsirlərini, fəsadlarını dərindən bilsəydi, onunla mübarizə asan olardı
 
 
 
 Qloballaşan dünyada ümumbəşəri problemlərdən biri də insan alveridir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.
 Müasir dövrün ən aktual problemi olan insan alveri dünya miqyasında hər bir cəmiyyəti narahat etdiyi kimi bizim də ölkəmizdə narahatlıqla qarşılanan əsas sosial bəlalardan biridir. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və digər dövlət qurumları tərəfindən ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, insan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti ilə, təhsillə və ailə qurmaq məqsədilə gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması istiqamətində çox mühüm işlər həyata keçirilməkdədir.
 İnsan hüquqlarına zidd olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizə aparılır və hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında deyib ki, vətəndaşlarımız insan alveri probleminin mahiyyətini, onun masştabını, təsirlərini, fəsadlarını dərindən bilsəydi, bu mənfur cinayətə qarşı həmrəylik göstərib,  onunla mübarizəyə güclərini səfərbər edərdilər:

 “Təəssüf ki, bir çoxları problemə hələ də biganədir. İnsan alveri probleminə biganə qalmayıb,  hamılıqla birgə mübarizəyə qoşulmaq vacib amildir! Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir. Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da  maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar. Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir”.  

M.Zeynalovanın sözlərinə görə, insan alveri ilə məşğul olanlar Yaxın Şərq ölkələrinə qadın daşıyırlar. Əvvəlki illərdə onlar Rusiya, Türkiyə, Dubayı seçirdilərsə, indi daha çox Bəhreynə üz tuturlar. Ekspert həmçinin qeyd edib ki, insan alveri qurbanlarının daha çox sosial şəbəkələr üzərindən aparılan danışıqlar nəticəsində aldandıqlarını açıqlayıb: 
"Bu proses əsasən "WhatsApp" üzərindən aparılıb. ABŞ Dövlət Departamentinin hesabatılarında da göstərilib ki, dünyada sosial şəbəkələr vasitəsilə fahişəliyə cəlbetmələr 80-90 faiz təşkil edir. Müxtəlif sosial şəbəkələr üzərindən kodlaşmış sözlərlə insan alveri təşkil edilir. Bizdə daha çox "danışıqlar” "WhatsApp" üzərindən aparılır. Orada tanış olurlar, yazışmalar, təkliflər və şirinlikləşmələrin hər biri bu şəbəkə üzərindən baş verir. Mən insan alveri qurbanları ilə bağlı tədqiqat apardım. Həmin vaxt orada insan alveri qurbanları və cinayət edən şəxslərlə görüşdüm. Əksəriyyəti də sosial, həssas qruplardan olanlar, zorakılığa məruz qalan, baxımsız uşaqlardır. Hətta bir nəfərin banka borcu vardı və həmin borcu vermək üçün bu yolu seçmişdi. Bu alverin qurbanları daha çox qadınlardır. İnsan alverçiləri daima yeni marşrutlar axtarırlar. Kimi evlənmək, kimi iş təklifi ilə aldadılır və beləcə, müxtəlif yollarla qadınları bu işə cəlb edirlər".

 Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov isə Azərbaycanda insan alveri ilə mübarizə tarixinə nəzər salıb və hazırda həyata keçirilən mübarizə strategiyasının gücləndirilməsi məqsədilə maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Xüsusilə bildirib ki, müasir dövrdə aktuallığı ilə səciyyələnən insan alveri probleminin qarşısının alınması rəqəmsal texnologiyalar tətbiq etməklə yeni ideyaların həyata keçirilməsini, vahid mərkəzdən idarə olunan dialoq platformasından çıxış edərək yeni mübarizə üsullarının reallaşmasını zəruri edir:

 “Bu müstəvidə həm mübarizə alqoritminin gücləndirilməsi, həm də bu sahədə mübarizə strategiyasının bütün indikatorlar üzrə inkişaf etdirilməsi və dərinləşdirilməsi insan alveri ilə mübarizə sahəsində yeni uğurların əldə olunması üçün əlverişli zəmin yaradacaqdır”.