COP29 öncəsi və tədbir zamanı Qərbin bəzi üzdəniraq dairələri tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması idi. Bu şəbəkənin qarşısına COP dövründə bütün metodlardan istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq vəzifəsi qoyulmuşdu.
Çünki Qarabağ zəfərindən sonra Azərbaycana qarşı qısqanclıq, paxıllıq və riyakarlıq hökm sürürdü. Onlar Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər.
Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etməyə can atırdılar. Bu məsələdə C.Bayden Administrasiyası xüsusi canfəşanlıq edirdi. Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına nail olmaq istəyirdilər.
4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan C.Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü.
Başlıca hədəflərdən biri Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq və Azərbaycanı bu sahədə qeyri-real olan öhdəliklər altına salmaq niyyəti güdürdülər. Hər vəclə Qarabağ ermənilərini yenidən Azərbaycan torpaqlarına qaytarmaq və Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmaq arzuları var idi. Bununla da regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələrə əl atırdılar.
Qərb bütün bu çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon vəsait gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışırdı. Amma necə deyərlər bütün arzuları ürəklərində qaldı və Azərbaycan dünyaya əsl nümunə olacaq bir tədbirlə qabiliyyətini, gücünü, liderlik bacarığını ortaya qoydu.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a vurğulayıb ki, COP29 tədbiri kifayət qədər yüksək səviyyədə təşkil olundu:
“Azərbaycan ev sahibi olan ölkə olaraq qonaqların təhlükəsizliyini, onların öz təşəbbüsü ilə çıxışını və üzərinə düşən digər vəzifələri də böyük öhdəliklə yerinə yetirdi. Başqa COP tədbirlərindən fərqli olaraq COP29-da Azərbaycanın təşəbbüsü ilə xırda dövlətlər öz mövqeylərini sərbəst şəkildə ifadə etdilər. Eyni zamanda həmin dövlətlər üçün yardımın ayrılması məsələsi də aktuallığını saxladı. Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədirliyi dövründə də məhz kiçik dövlətlərin problemlərini həll etməyi özünün prioritet istiqamətinə çevirmişdi. Qərb ölkələri tərəfindən COP29-un Azərbaycanda keçirilməsinə qarşə qərəzin şahidi olduq. Onlar COP29-u pozmaq üçün əllərindən gələn bütün vasitələrdən istifadə etdilər. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Avropa Birliyinin müvafiq qurumları bu məsələdə həmrəylik göstərdilər. İlk vaxtlardan ABŞ mediasının və dövlət orqanlarının COP29 tədbiriylə bağlı qərəzinin şahidi olduq. Faktiki olaraq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tədbiri pozmaq üçün bütün mənfi addımlara əl atdı, lakin buna nail ola bilmədi. Həmçinin COP29-un sonlarına doğru tədbirə qatılan Almaniyanın xarici işlər naziri Annalena Berbok da sonradan Azərbaycan əleyhinə açıqlamalar verdi. Annalena Berbok COP-dan başqa bütün məsələlər barədə öz fikirlərini səsləndirdi. Görünən odur ki, Annalena Berbok Almaniyada fevralda keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşır. Bakıda baş tutan COP29 tədbirini özünün seçkiqabağı kampaniyasının tərkib hissəsinə çevirməyə və kimlərinsə xoşuna gəlməyə çalışdı. Bütün bunlara baxmayaraq COP29 çərçivəsində çox müsbət qərarlar qəbul olundu. Tədbirin sonunda Azərbaycana təşəkkür qətnaməsinin qəbul edilməsi bir daha tədbirin necə uğurla həyata keçdiyini göstərən faktdır”.