Ali təhsil müəssisələrinə qəbul balı ötən illə müqayisədə bu il arta bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bu gün media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ötən il ilə müqayisədə bəzi qruplarda qəbul balında artım ola bilər. Gələn həftə abituriyentlər üçün kitabçalar dərc olunacaq. Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq.
"Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi avqustun 19-a kimi davam edəcək. Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq. Gələn həftə Abituriyent 4 jurnalı çap olunacaq. Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq", - deyə o qeyd edib.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, bu ilki qəbul imtahanlarının nəticələri əvvəlki ildən 700 ballıq nəticələrin fərqliliyi ilə seçilir:
“Bu o demək deyil ki, əvvəlki illərə görə nəticələr aşağıdır. Ümumi bal aralıqlarına baxdığımız zaman 500-700 bal aralığı daha çoxdur. 1-ci qrupun komputer mühəndisliyi, 3-cü qrupun hüquq, beynəlxalq münasibətlər, ingilis dili müəllimliyi, 4-cü qrupda isə ənənəvi olaraq tibb ixtisaslarına müsabiqə yüksək olacaq. Bu il Qarabağ Universitetinin açılmasına kifayət qədər rəğbət var. 2024-cü ildə Dövlət Sifarişli yerlərin artması fonunda balların əvvəlki ilə görə çox dəyişəcəyini düşünmürəm. Əvvəlki ilə görə ballar müəyyən qədər arta bilər. Balların qalxıb-enməsini həmin ixtisası seçən tələbələr müəyyən edir. Tələbələrin ötən ilə nisbətən 20-30 bal aşağı ixtisas seçmələri tövsiyyə olunur. Aşağı bal toplayanlar üçün də keçid balı ilə əlaqəli düzgün kodlaşdırma zəruridir. Keçən ilin statistikasına baxdığımız zaman 1 ci qrupda ərizə verənlərin yarısınin, 2-ci qrupdakıların 3 də 1-nin, 3-cü qrupdakıların yarısından biraz çoxunun, 4-cü qrupda isə yarısından biraz daha azının qəbul olma şansı var idi. Ən yüksək müsabiqə vəziyyəti 5-ci qrupda idi. Bu il də bənzər bir vəziyyət nəzərdə tutulur. Keçən il qəbul planı 53 minə yaxın idi. Ancaq bu il isə 7 min artıb. 60 minə yaxın tələbənin yarısının Dövlət Sifarişi ilə təhsil alma imkanı var. Xüsusilə mühəndislik, kənd təsərrüfatı və turizm kimi ixtisas balları bir qədər aşağı düşə bilər”.