Virus sürətlə yayılır: “Türkiyə risk altındadırmı?” - Səhiyyə Nazirliyindən açıqlama

Dünyada narahatlıq doğuran mutasiyaya uğramış H3N2 qrip virusu Türkiyədə də təsirini göstərməyə başlayıb.

Sherg.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Baş İdarəsinin baş direktoru dosent doktor Məhəmməd Emin Demirkol açıqlama verib.

Demirkol H3N2 virusunun yeni variantı və Türkiyədə qrip hallarının gedişatı ilə bağlı məlumatları ictimaiyyətlə bölüşüb.

Türkiyədə hər il olduğu kimi qrip mövsümünün oktyabr ayında başlayaraq may ayınadək davam etdiyini xatırladan Demirkol, havaların soyuması ilə qripə yoluxma hallarının artdığını bildirib:

“Havaların soyuması ilə vətəndaşlarımızda bu mövzu ilə bağlı narahatlıq yaranır. Ətraf mühitdə, iş yerlərində, uşaqların oxuduğu məktəblərdə qripin geniş yayılması yoluxma hallarının da artmasına səbəb olur. Bu səbəbdən hallarımızda artım müşahidə edirik”.

İctimai Səhiyyə Baş İdarəsi olaraq bu dövrlərdə ictimaiyyəti məlumatlandırmağa ehtiyac duyduqlarını vurğulayan Demirkol, influenza – yəni qripə səbəb olan virusun bütün dünyada olduğu kimi artdığını qeyd edib.

Mutasiyaya uğramış H3N2 virusunun Avstraliyada ortaya çıxaraq Avropaya yayılan bir qrip növü olduğunu deyən Demirkol, bu virusun K variantının son dövrlərdə Avropada müşahidə edildiyini bildirib. Onun sözlərinə görə,yeni variant qripə bənzər infeksiyaların kəskin artmasına səbəb olur.

Dosent doktor Demirkol qeyd edib:

“Ölkəmizlə bağlı bunu dəqiq şəkildə deyə bilərik ki, bu variant - yəni H3N2-nin K tipi hazırda Türkiyədə hər hansı təhlükə yaratmır. Bu, mövsüm üçün gözlədiyimiz bir variantdır. İnfluenza virusu hər il mutasiyaya uğrayaraq yayılır. Bu il də həmin variantla dünyada təsirini davam etdirir”.

Demirkol qripdən qorunmaq üçün klassik profilaktik tədbirlərin əhəmiyyətinə diqqət çəkərək, xüsusilə yaşlı insanların izdihamlı mühitlərdən uzaq durmasının vacibliyini vurğulayıb.

Qrip əlamətləri olan şəxslərin kütləvi məkanlara getməməli, bol maye qəbul etməli və imkan daxilində evdə dincəlməli olduqlarını bildirən Demirkol deyib:

“Xüsusilə qrip əlamətləri müşahidə edildikdə xəstələrin izdihamlı yerlərə girməməsini, bol su içməsini, yoluxmanın qarşısını almaq üçün evdə qalaraq istirahət etməsini tövsiyə edirik. Gigiyena, əllərin yuyulması, kütləvi məkanlardan sonra gigiyenik qaydalara əməl edilməsi də olduqca vacibdir”.

Demirkol Türkiyədə bütün qrip hallarının izlənildiyini bildirərək qeyd edib:

“Ümid edirik ki, narahatlıq yaradacaq səviyyəyə çatmadan qrip mövsümünü arxada qoyacağıq. Hazırda bu mutasiya ölkəmiz üçün ciddi risk səviyyəsində deyil. Bütün qrip halları izlənir. Vətəndaşlarımızdan bizə güvənmələrini və rahat olmalarını xahiş edirik”.