Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, iyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında, hətta pik saatlarda sıxlıq azalıb:
"Yay tətilinin və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər. Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır".
NİİM sürücülərin nəzərinə çatdırıb ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır:
"Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik".
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, sıxlıq həqiqətən də xeyli şəkildə azalıb:
“Sıxlığın azalmasına təsir edən bir neçə amil var. Birincisi, ali, orta məktəb və bağçaların bağlanmasına görə sıxlıq 20-30 faiz azalıb. İkincisi isə, yay mövsümü ilə əlaqəli olaraq həm dövlət, həm də özəl sektorda işləyən insanların çox hissəsi məzuniyyətdədirlər. Yayda məzuniyyətdə olan insanlar Bakıdan çıxaraq bölgələrə üz tuturlar. Hazırda Bakıda sıxlıq azalsa da, istirahət və turist bölgələrində sıxlıq artıb”.