Rusiyadan benzin ixracına qadağa: Qiymətlər yenidən qalxacaq?

Rusiya hökuməti sentyabr-oktyabr aylarında benzinin ixracına qadağa qoyub.
Trend xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müavinin Pavel Sorokin Dövlət Dumasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu addım həmin aylarda yarana biləcək istənilən problemlərdən yan keçmək məqsədilə atılıb.
"Avqust ayında da ixraca qadağa qaldırılmayacaq. Yəni avqustda benzinin ixracına qadağa olacaq. Bu prinsipial qərar sentyabr-oktyabr ayları üçün də qəbul edilib. Sığortalanmaq üçün ixrac məhdudlaşdırılacaq", - deyə o, xəbərdarlıq edib.

Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, Rusiyanın benzin ixracına məhdudiyyətlər tətbiq etməsi bu il Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının intensivləmsi ilə əlaqədardır: 

“Çünki bu hücumlar zamanı bəzi emal müəssisələri iki aya qədər fəaliyyətini bərpa edə bilməyib. Nəticədə də yanacaq istehsalı azalıb. Rusiyanın açıqladığı rəsmi statistikaya görə, ilin 1-ci yarısında yanacaq istehsalı 3,5%, benzin istehsalı isə 3,6% azalıb. Həmçinin Ukrayna Rusiyanın yanacaq bazalarına dron hücumları etməyə nail olub. Bununla da ölkənin daxili bazarında yanacaq ötən ilin keçən dövrü ilə müqayisədə 7%-dək azalıb. Hökumət də daxili bazarın ehtiyaclarını ödəmək üçün ixraca qadağa tətbiq edir. Ümumiyyətlə Rusiya yanacağı MDB ölkələrində satılıdığına görə qərarin dünya bazarına hansısa təsiri yoxdur ”.