Aviabilet qiymətləri kəskin bahalaşıb. Xezerxeber.az-ın məlumatına görə, bu artım Rusiyadan Azərbaycana, eləcə də Azərbaycandan Rusiyaya olan uçuşlarda daha çox hiss olunur. Belə ki, biletlərin ən baha olduğu istiqamət Novosibirsk şəhəridir. Ekspertlər bu artımı çoxlu sayda rus turist kütləsinin Avropaya çıxışının məhdudlaşdırılması ilə əlaqələndirirlər. Sıxlıq xüsusən də yay aylarında, iyun, iyul, avqustda ənənəvi olaraq hər il yaşanır. Ekspertlərin sözlərinə görə, növbəti aylarda qiymətlər ucuzlaşacaq. Qiymət artımının qarşısını almaq üçün vətəndaşlara biletlərin bir neçə ay əvvəldən almaq məsləhət görülüb.
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, aviabilet qiymətlərinin yaxın ölkələrə yəni, Gürcüstan, Türkiyə, Rusiya və İrana azalması üçün quru sərhədləri mütləq açılmalıdır:
''Bunun başqa yolu yoxdur. Çünki təlabat yay aylarında kəskin artır. Bu təlabatı da qarşılayacaq reys sayı məhduddur. Rusiyada yaşayan soydaşlarımızın sayını nəzərə alsaq, gündə 45-50 reys lazımdır. Ancaq bu üsulla qiymətlər enə bilər. Bir sözlə, xaricə təlabat çox, reys sayı məhdud, quru sərhədlər isə bağlı olduğu üçün aviabiletlərin qiymətinin artması normal haldır".