Blinken: Haniyənin öldürülməsinə baxmayaraq Qəzzada daimi atəşkəsin əldə olunması prioritet olaraq qalır

HAMAS-ın siyasi liderinin öldürülməsinə baxmayaraq Qəzzada daimi atəşkəsin əldə olunması prioritet olaraq qalır.

APA NBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Sinqapurda keçirilən forumda Haniyənin ölümünün HAMAS və İsrail arasında danışıqlara potensial təsiri ilə bağlı suala cavab olaraq deyib.

"Heç nə atəşkəsə nail olmağın əhəmiyyətini azaltmır. Hər hansı hadisənin buna necə təsir göstərə biləcəyi barədə spekulyasiya etməyəcəyəm. Fərziyyələr söyləmək çox çətindir və mən ötən uzun illər ərzində öyrənmişəm ki, bir hadisənin başqa bir hadisəyə təsiri barədə heç vaxt fərziyyə söyləmək olmaz.

Bildiyim atəşkəsin əldə olunmasının davamlı məcburi olmasıdır", - o əlavə edib.

Blinken doqquz aylıq müharibəni bitirmək üçün atəşkəs əldə etməyin vacibliyini vurğulayaraq: "Biz atəşkəsə çatmaq üçün lazım olan müddət ərzində bu istiqamətdə işləməyə davam edəcəyik. Qəzzada fələstinlilərin iztirablarına son qoymağa kömək etmək həyati əhəmiyyət kəsb edir. Aralarında bir sıra amerikalıların da olduğu girovların evlərinə qaytarılması həyati əhəmiyyət kəsb edir".