Mirzoyan da təxribatçı açıqlamalara köklənib - RƏY

Ermənistan tərəfindən verilən yalançı vədlər sülhə yox, dövlətlərarası əlaqələrdə tellərin qırılmasına səbəb olur

  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalarla çıxış edib. Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
  Bəyanatda qeyd edilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycanla normallaşma prosesini təhrif edən bəyanatlar verib: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib. Əvvəla, 30 il ərzində həmin Almatı Bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub.
  Sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərmək tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizmləri tapdalayaraq, Azərbaycan ərazilərini işğal etmiş və orada qoşun və silah yerləşdirmiş Ermənistanın hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur.
Bundan başqa, Ermənistanın konstitusiyası və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadiqliyi sual altındadır.
  Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtançı açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yürütmək, sərhəddə gərginlik yaratmaq əvəzinə, Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır".
  Xatırladaq ki, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə keçirdiyi görüşdə Azərbaycanı ittiham edib. Bildirib ki, guya rəsmi Bakı sülh sazişinin imzalanması prosesini uzatmaq üçün süni maneələr yaradır. Mirzoyan ölkəsinin Azərbaycana verdiyi təkliflərin “konstruktiv və şəffaf” olduğunu iddia edib. Sülh sazişinin bir ay ərzində imzalana biləcəyini də proqnozlaşdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az"a açıqlamasında deyib ki, reallıqları təhrif etmək Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir:

 “Artıq neçənci dəfədir ki, Ermənistanın XİN başçısı, o cümlədən də digər nazirləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesi və Azərbaycan- Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı təhrifedici və qəbuledilməz fikirlər səsləndirirlər. Ermənistan hökumətinin məhz bu mövqeyi onların sülhlə bağlı verdikləri müxtəlif açıqlamaların da qeyri-səmimi olduğunu göstərir. Ararat Mirzoyan da iştirak etdiyi bütün beynəlxalq platformalarda Paşinyan komandasının digər üzvləri kimi ancaq təxribatçı açıqlamalara köklənən biridir. Onun bu fəaliyyəti də istənilən halda Azərbaycanın mövqeyini ifadə etmir. Bu halda da dövlətlərarası münasibətlərin normallaşmasından və yaxşılığa doğru getməsindən bəhs edə bilmərik. Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, revanşist siyasətə və əməllərə son qoymasıdır. Ermənistan hökumətinin təmsilçilərinin isə ən böyük səhvi ondan ibarətdir ki, verdikləri açıqlamalarda Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialarla bağlı məsələyə toxunmurlar. Ararat Mirzoyan Azərbaycana sülhlə bağlı təkliflər paketi göndərdiklərini iddia edir, lakin Ermənistanın dövlət sənədlərində və Konstitusiya aktında Azərbaycana qarşı ərazi iddialarından nə vaxt əl çəkəcəyi ilə bağlı ortaya konkret mövqe qoymurlar. Aydın məsələdir ki, Ermənistanda Konstitusiya islahatları keçirilib, ərazi iddiaları ilə bağlı müddəalar dəyişmədikcə, iki ölkə arasında hansısa normal münasibətdən, sülh prosesindən danışmaq olmaz. Bu baxımdan Ermənistan hökuməti nümayəndələrinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin gələcəyi ilə bağlı verilən yalançı vədlər sülhə yox, dövlətlərarası əlaqələrdə tellərin qırılmasına səbəb olur”.