Kobaxidze ABŞ-nin normallaşma şərtlərinə cavab verib

Gürcüstanın baş naziri İrakli Kobaxidze rəsmi Vaşinqtonun bu ölkəyə sanksiyaların tətbiq olunacağı ilə bağlı bəyanatına cavab verib.
APA-nın “Sputnik-Грузия”ya istinadən xəbərinə görə, o bildirib ki, ABŞ rəsmilərinin analoji tərzdə fikirlər səsləndirməsi anılaşılmazdır.

O ölkəsinin ABŞ ilə münasibətlərə yenidən başlamağa hazır olduğunu sözlərinə əlavə edib:

“Son 3-4 il ərzində münasibətlərimizdə problem yaranıb. Ona görə də qarşı tərəfdən ədalətli, praqmatik və dostluq ruhuna uyğun yanaşma gözləyirik. Təhdid dilində danışmaq əvəzinə biz sağlam mühitdə dialoqun aparılmasına üstünlük verməliyik” – deyə, İ. Kobaxidze fikirlərini tamamlayıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, bunun üçün rəsmi Pekinə Anakliya qəsəbəsində liman tikintisi üçün verilən icazə ləğv edilməli, ölkədə Avropa İttifaqının tələblərinə uyğun azad, ədalətli və demokratik seçki institutunun formalaşdırılmalı və hakimiyyət birmənalı olaraq zorakılıqdan çəkinməlidir.