Donald Trampın qardaşı oğlu hansı namizədi dəstəkləyəcəyini açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred Tramp seçkidə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Fred Tramp ABC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inaqurasiya mərasimində iştirak etmək niyyətindədir.

"Ailələr mürəkkəbdir. Hər ailənin öz dəli əmisi var. Mənim əmim Donald... dəlidir", - deyə Fred Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı ABŞ lideri Co Baydenin təmsil edəcəyi güman edilsə də, o, iyulun 21-də yarışdan çıxmaq qərarına gəlib və Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasını isə seçkidə ABŞ-nin keçmiş lideri Tramp təmsil edəcək.