Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, əgər Qərb Kiyevin vasitəsilə Qələbə Gününün qeyd olunmasına mane olarsa, buna qarşı sərt cavab veriləcək və heç bir güzəşt göstərilməyəcək.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, qarşı tərəf Rusiya üçün müqəddəs hesab olunan bu bayramı pozmağa çalışır.

Lavrov XİN binasında xatirə lövhələri önünə gülqoyma mərasimində çıxışı zamanı bildirib:

“Bunu tam açıq və məsuliyyətlə demək istəyirəm: əgər bu gün Qərbdə yenidən baş qaldıran nasist qüvvələr Ukrayna vasitəsilə planlarını həyata keçirsələr, onlara qarşı heç bir mərhəmət göstərilməyəcək”.

O vurğulayıb ki, Rusiya Ukrayna ərazisindən qaynaqlanan bütün təhlükəsizlik təhdidlərini aradan qaldırmalıdır.

Bazar ertəsi İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinin açılışında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, mayın 9-da Moskvada keçiriləcək parad zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları şəhərə çata bilər.

Rusiya Müdafiə Nazirliyi bu təhdidləri nəzərə aldığını və rəsmi tədbirlərin pozulmasına yönələn hər hansı cəhdə Kiyevə qarşı kütləvi raket zərbəsi ilə cavab veriləcəyini açıqlayıb.