"Erməni xalqı artıq açıq şəkildə Azərbaycan və Türkiyə ilə sülhü əsas məqsəd elan etmiş Paşinyana səs verməyə hazırdır"
Ermənistanda seçki kampaniyası fonunda Baş nazir Nikol Paşinyanın verdiyi mesajlar ölkənin gələcək siyasi kursu baxımından diqqət çəkir. Xüsusilə Qərbi Zəngəzurda səsləndirdiyi “sülh uğrunda ayağa qalxın” çağırışı Paşinyanın cəmiyyətə həm daxili sabitlik, həm də regionda yeni münasibətlər modeli təqdim etməyə çalışdığını göstərir. Paşinyan son çıxışlarında Ermənistanın qarşıdurma və müharibə dövründən çıxaraq “yaşamaq mərhələsinə” keçməli olduğunu vurğulayır. Bu yanaşma həm Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, həm də Ermənistanın iqtisadi və siyasi gələcəyinin təhlükəsizlikdən daha çox inkişaf üzərində qurulması mesajı kimi qiymətləndirilir.
Baş nazirin mayın 28-də keçiriləcək hərbi parada çağırışı isə orduda aparılan dəyişikliklərin və yeni təhlükəsizlik konsepsiyasının ictimaiyyətə nümayiş etdirilməsi məqsədi daşıyır. Analitiklər hesab edir ki, Paşinyan seçki öncəsi həm sülh gündəmini, həm də dövlət institutlarının gücləndirilməsi mesajını paralel şəkildə ön plana çıxarmağa çalışır.
Ermənistanda yaxınlaşan parlament seçkiləri ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə Sherg.az-a söyləyib ki, Ermənstandakı hazırkı sabitlik Vətəndaş Müqaviləsi Birliyinə məxsusdur:
“Yəni bu uğuru qazana bilən Nikol Paşinyan və onun partiyasıdır. Ümumiyyətlə Ermənistan cəmiyyəti artıq “Miatsum” nağıllarına inanmır. Son 30-35 ildə erməni cəmiyyətinin başına gələn bütün bəlalar, bədbəxtliklər, faciələr, itkilər hamısının səbəbi məhz “Miatsum” məsələsi, Azərbaycan və Türkiyəyə qarşı ədavət, əsassız və qeyri-real iddialardır. Cəmiyyət isə artıq anlayır ki, bunların hamısı erməni xalqının bataqlığını yaradan qurama, bir tələdir. Ona görə də artıq ənənəvi siyasi qüvvələrə inanmırlar. Yəni Daşnaksütyun və digər ultramillətçi qüvvələr erməni xalqının əksəriyyətinin inamını itirib. Ona görə də Azərbaycan və Türkiyə ilə sülhü üstün tutan, bunu əsas məqsəd seçmiş Nikol Paşinyanın partiyasının daha çox uğur qazanmaq şansı var”.
Analitik vurğulayıb ki, əvvəlki seçkilərdə olduğu kimi Nikol Paşinyan əyalətlərdə daha çox səs qazanacağını düşünür:
“Çünki paytaxtda siyasi gərginlik daha çoxdur. Orada Paşinyanın müxalifləri və əleyhdarları daha fəaldırlar. Amma əyalətlərə gəldikdə, sadə camaat, kənd və rayon əhalisi müharibələrdən yorulub. Çünki Azərbaycanla müharibə silsiləsi erməni cəmiyyətinə ağır zərbələr vurdu və böyük itkilərə məruz qoydu. Ona görə erməni xalqı artıq açıq şəkildə Azərbaycan və Türkiyə ilə sülhü əsas məqsəd elan etmiş Paşinyana səs verməyə hazırdır. Hər halda erməni cəmiyyətini yaxşı tanıyıram, 30 ildə onlarla çox görüşmüşəm, danışmışam, onların siyasətçilərini və ekspertlərini izləyirəm. Eyni zamanda erməni səhifələrini və mediasını da davamlı izləyirəm. Görürəm ki, Paşinyanın şansı daha çoxdur”.