Nəsib Nəsibli: “Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq”

"İran tərəfi çox iddialı və əsassız şəkildə özünü qalib kimi göstərir. Hətta rəsmi Tehran hesab edir ki, kompromisə getməyə heç bir ehtiyac yoxdur"

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlaması Vaşinqton-Tehran xəttində gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Trampın ABŞ ordusunun İranın hərbi obyektlərinə endirdiyi hücumları “yüngül zərbələr” kimi təqdim etməsi, əslində, Vaşinqtonun həm güc nümayiş etdirmək, həm də müharibənin tammiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almaq istədiyinə işarə edir.

Qeyd edək ki, ABŞ-İran arasında son insident Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmineslərə edilən hücumdan sonra baş verib. Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan bu bölgədə yaşanan hərbi toqquşma beynəlxalq bazarlarda və regional təhlükəsizlik balansında ciddi narahatlıq yaradıb. ABŞ Mərkəzi Komandanlığının İranın hərbi obyektlərini hədəfə alması isə Vaşinqtonun bölgədə hər hansı hücuma cavabsız qalmayacağı mesajı kimi qiymətləndirilir. Tərəflər arasında qarşılıqlı zərbələrin davam etməsi Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Sabiq deputat, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli Sherg.az-a bildirib ki, İran-ABŞ müharibəsinin yenidən qızışması ehtimalı istisna olunmur:

“Çünki İran tərəfi çox iddialı və əsassız şəkildə özünü qalib kimi göstərir. Hətta rəsmi Tehran hesab edir ki, kompromisə getməyə heç bir ehtiyac yoxdur. ABŞ isə israrlıdır. Ən azından Amerika tərəfi prezidentin şəxsində bildirdi ki, “Nüvə silahı məsələsi həll olunmayana qədər əl çəkməyəcəyik”. Digər tərəfdən ABŞ memorandum təklif edib. Görünür İran tərəfi bunu qəbul etmir. ABŞ-də bu səbəblə nöqtə vuruşlarını yenidən başladıb. Ümumiyyətlə bu hücumlar təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. Yəni İranı kompromisə gəlməyə məcmur etmək üçün həyata keçirilir. Qarşılıqlı zərbələrin yenidən başlaması ilə isə İranın dağılma prosesi və obyektlərin vurulması yenidən start götürəcək”.