BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ət Qiymətləri İndeksi apreldə orta hesabla 129,4 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,6 bənd və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,8 bənd və ya 6,4% artaraq yeni rekord səviyyəyə çatıb.
Teleqraf təşkilata istinadən xəbər verir ki, artım qoyun əti istisna olmaqla bütün ət növləri üzrə qiymətlərin yüksəlməsi ilə bağlı olub.
Məlumata görə, mal əti qiymətləri yeni pik həddə yüksəlib. Buna Braziliyada kəsim üçün hazır iribuynuzlu heyvan təklifinin məhdud olması və sürülərin bərpası prosesinin davam etməsi fonunda ixrac qiymətlərinin artması təsir edib.
Donuz ətinin qiyməti də artıb. Bu, Avropa İttifaqında mövsümi tələbatın yüksəlməsi fonunda baş verib.
Quş ətini dəyəri isə Braziliyada kotirovkaların yüksəlməsi hesabına yüksəlib. Afrikanın bir sıra bazarlarından güclü alış marağı Yaxın Şərqə satışların zəifləməsini kompensasiya edib.
Hesabat dövründə qoyun ətinin qiyməti dəyişməyib. Avstraliyada ixrac üçün təklifin məhdud olması səbəbindən qiymət artımı müşahidə edilsə də, Yeni Zelandiya üçün əsas ixrac bazarı olan Çindən tələbin zəifləməsi qiymətlərin enməsinə səbəb olub.