"Azərbaycan son illərdə regional proseslərdə təşəbbüs göstərən, həm təhlükəsizlik, həm enerji, həm də kommunikasiya layihələrində real imkanlara malik dövlət kimi qəbul edilir"
“Son aylarda müşahidə olunan dinamika göstərir ki, Azərbaycan–Avropa münasibətləri təkcə enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və təhlükəsizlik platformasına transformasiya olunur”.
Bu sözləri Sherg.az-a açıqlamasında Mətbuat Şurası İH üzvü Yeganə Hacıyeva deyib.
O qeyd edib ki, İtaliya Respublikasının Nazirlər Şurasının sədri Giorgia Meloni və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas kimi yüksək səviyyəli siyasi fiqurların Bakıya səfərləri göstərir ki, Brüssel və aparıcı Avropa paytaxtları Cənubi Qafqazı artıq yalnız resurslarla bol region deyil , həm də Avrasiyanın strateji keçid regionu kimi qiymətləndirməyə başlayıblar:
“Qeyd edim ki, bu prosesin arxasında bir neçə əsas geosiyasi və iqtisadi faktor dayanır. İlk növbədə Avropanın enerji təhlükəsizliyi məsələsi artıq strateji həssas xarakter daşıyır.
Çünki Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmağa məcbur qaldı və bunun üçün də alternativ və etibarlı tərəfdaşlar axtarmağa başladı. Bu kontekstdə Azərbaycan Avropa üçün yalnız qaz ixrac edən ölkə deyil, həm də enerji marşrutlarının təhlükəsizliyini təmin edən sabit aktor kimi ön plana çıxdı. Bu xüsusda da Xəzər dənizi hövzəsi və Mətkəzi Asiya regionu resurslarını Avropaya bağlayan Cənub Qaz Dəhlizi artıq sırf iqtisadi layihə kimu deyil Avropanın strateji dayanıqlılıq mexanizminin bir hissəsinə çevrildi. Digər tərəfdən Orta Dəhlizin əhəmiyyəti sürətlə artır və Çin–Avropa ticarət marşrutlarının diversifikasiyası fonunda Azərbaycan Şərq-Qərb logistikasının əsas qovşaqlarından biri kimi çıxış edir”.
Y. Hacıyevanın sözlərinə görə, qlobal ticarət yollarında qeyri-sabitlik, Yaxın Şərqdə təhlükəsizlik riskləri və Rusiyadan keçən marşrutların siyasi riskləri Avropanı alternativ tranzit xəttlərinə yönəldib:
“Bu baxımdan Azərbaycan həm nəqliyyat, həm texnoloji kommunikasiya, həm də enerji nəqliyyatı baxımından vacib tərəfdaş hesab olunur. Buna görə də Avropa İttifaqı regionda Türkiyə, Rusiya, İran və Çin arasında formalaşan mürəkkəb güc balansında Azərbaycansız effektiv siyasət yürütməyin mümkün olmadığını anlayır. Azərbaycan son illərdə regional proseslərdə təşəbbüs göstərən, həm təhlükəsizlik, həm enerji, həm də kommunikasiya layihələrində real imkanlara malik dövlət kimi qəbul edilir. Bu isə Avropa paytaxtlarında Bakıya münasibətdə daha praqmatik yanaşmanı gücləndirib. Bu məsələdə Avropa Parlamenti ilə Avropa Komissiyası arasında fərqli yanaşmanın izahı da aydın görünür.
Çünki Avropa Parlamenti müxtəlif lobbi qruplarının təsiri ilə daha çox ideoloji mahiyyətli və siyasi qətnamələrlə çıxış edir. Lakin Avropa Komissiyası və aparıcı Avropa dövlətləri üçün prioritet daha çox enerji təhlükəsizliyi, iqtisadi maraqlar, regional sabitlik və geosiyasi təsir imkanlarıdır”.
MŞ üzvü əlavə edib ki, Avropanın praktik siyasəti ilə siyasi ritorikası arasındakı fərqin izahı da elə budur: “İtaliya , Macarıstan, Ruminya və digər Avropa ölkələrinin Azərbaycanla münasibətləri dərinləşdirməsi onu göstərir ki, Avropa daxilində Bakı ilə əməkdaşlığa daha realist və strateji baxış formalaşır. Bu ölkələr Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avrasiyada sabitlik və komunikasiya arxitekturasının vacib elementi kimi görürlər. Dəyişən qlobal geosiyasi mühitdə Avropa Azərbaycanla daha sıx və uzunmüddətli əməkdaşlığa ehtiyac duyur. Bu o deməkdir ki, yaxın illərdə Aİ Axərbaycan münasibətləri daha institusional və strateji xarakter alacaq”.