Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarından (QHT) birinin rəhbərini casusluq ittihamı ilə həbs edib.

"Report"un yerli bürosu xəbər verir ki, həmin şəxs iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.

Keçirilən brifinqdə bildirilib ki, o, illər ərzində maddi mənfəət və xarici dövlətlərin maraqlarının təmin olunması məqsədilə sistemli şəkildə kəşfiyyat xarakterli məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.

Bildirilib ki, təqsirləndirilən şəxsin xarici kəşfiyyat nümayəndələri ilə həm birbaşa görüşlər, həm də elektron rabitə vasitəsilə əlaqələri olub. Məxfi fəaliyyətin koordinasiyası və təlimatlandırma məqsədilə vaxtaşırı ölkə xaricində görüşlər də keçirib.

Məlumata görə, saxlanılan şəxs xarici xüsusi xidmət orqanlarının maliyyə və tapşırıqları əsasında informasiya platformaları yaradıb, həmçinin ölkə daxilində müxtəlif tədbirlər təşkil edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin casusluqla bağlı 314-cü maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə üzrə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.