Dünyanın ən bahalı ölkəsi hansıdır?

İslandiya dünyanın ən bahalı ölkəsi seçilib.

Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" tərəfindən yayımlanan yeni araşdırmada bildirilib.

Hesabata əsasən, ölkədə yaşayış xərcləri uzun illər reytinqə liderlik edən İsveçrə ilə müqayisədə təxminən 3% daha yüksək qiymətləndirilib. İslandiya sonuncu dəfə 2018-ci ildə bu siyahının zirvəsində qərarlaşmışdı.

Mütəxəssislərin fikrincə, qiymət artımının əsas səbəblərindən biri pandemiyadan sonra turizm sektorunda müşahidə olunan sürətli canlanmadır. Turist axınının artması xidmət sahəsində maaşların yüksəlməsinə, kirayə və daşınmaz əmlak qiymətlərinin bahalaşmasına təsir göstərib. Xüsusilə qısamüddətli kirayə bazarında artan tələb yerli əhali üçün yaşayış xərclərini daha da artırıb.

Araşdırmada qeyd olunur ki, İslandiyada ərzaq məhsullarının qiyməti digər Skandinaviya ölkələri ilə müqayisədə orta hesabla 44% yüksəkdir. Süd məhsulları və yumurtanın qiyməti 75%, ət məhsullarının qiyməti isə 71% daha bahadır.

Reytinqdə ilk sıralarda həmçinin Lüksemburq, Norveç, ABŞ, İrlandiya və Danimarka yer alıb.