İrəvandakı tədbirə Moskvanın etiraz ruhunun alovlanması başadüşüləndir - ANALİZ

"Lakin bu sammiti Ermənistanın Aİ-yə üzvlüyü istiqamətində atılmış addım kimi qələmə vermək də düzgün deyil” 

Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldığı üçün Baş nazir Nikol Paşinyan Rusiyadan gələn təhdidlərə qarşı ölkənin “müdafiə qalxanı”nı gücləndirməyə başlayıb. Artıq Avropa İttifaqı İrəvana kömək məqsədilə mülki missiya göndərir. Hətta Aİ “Davamlılıq və inkişaf” proqramı çərçivəsində, Ermənistana 140 milyon avro ayrılmasını nəzərdə tutur.

Paşinyanın Avropapərəst mövqeyi Rusiya dairələrinin etiraz ruhunu alovlandırıb. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti ilə bağlı sərt açıqlama verib. Diplomat tədbirdə Rusiyanın təhdid xarakterli ölkə kimi müzakirə olunmasından gileylənib. S.Kopırkin həmçinin Rusiya və Belarusun bu cür formatlardan kənarlaşdırılmasını ayrı-seçkilik kimi qiymətləndirib.

Mövzu ilə bağlı tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a bildirib ki, Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ərsəyə gətirilib:

“Bu təşkilat bilavasitə Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin dayandırılması məqsədilə fəaliyyət göstərirdi. Sonradan E. Makron təşkilatın səlahiyyət dairəsini genişləndirməyə çalışaraq, Ermənistan-Azərbaycan məsələsini də gündəliyə daxil etdi. Amma rəsmi Bakı təşkilatda iştirakı olmadan qərarların qəbul edilməsi və digər məsələlərlə bağlı qəti etirazını bildirib, bir neçə sammitdə iştirak etməmişdi. İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti nə Aİ-nin nüfuz dairəsini genişləndirməyə yönəlmiş təşəbbüs, nə də Ermənistanın təşkilata inteqrasiya məqsədi daşıyan platformadır”. 

Ekspertin sözlərinə görə, sammitdə Rusiya və Belarusiyanın iştirakı da mümkün deyil:

“Çünki Aİ Rusiyanı Ukrayna məsələsinə görə işğalçı dövlət kimi tanıyır və sanksiyalar tətbiq edir. Belarus isə Ukrayna ilə müharibədə Rusiyanın yanında yer alan ölkərdən biridir. Belə olan təqdirdə, Minsk və Moskvanın bu sammitdə təmsil olunması siyasi baxımdan məntiqsizdir. Sammitdə Rusiyanın əleyhinə səslənən bəyanatların bir neçəsi sərt ritorikaya söykənib. Ona görə də Moskvanın etiraz ruhunun alovlanması başadüşüləndir. Lakin bu sammiti Ermənistanın Aİ-yə üzvlüyü istiqamətində atılmış addım kimi qələmə vermək də düzgün deyil”.