Elə insanlar var, 20 il kabinetdə oturub təhsilə bir fayda verməyib - Əmrah Həsənli

"Gəlin özümüzü aldatmayaq, amma elə gənclər də var ki, 2-3 ilə minlərlə müəllim və şagirdin həyatına real təsir edib"

Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “təhsil eksperti kriteriyaları” müzakirələrə səbəb olub. Bəziləri M.Abbaszadənin irəli sürdüyü şərtlərlə razılaşır, amma razılaşmayanlar da az deyil.   

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, son dövrlər bəzi açıqlamalar təhsil sistemində hələ də köhnə düşüncələrlə yaşayanların olduğunu göstərir. Dünya dəyişir, təhsil, tədris metodları dəyişir, amma bəzi yanaşmalar sanki 90-cı illərin idarəetmə məntiqindən çıxa bilmir. Təhsildə ən təhlükəli məqam da budur - sistemi yaşayanlarla sistemi uzaqdan izləyənlərin fərqini görə bilməmək: 

- Hesab edirəm ki, burada əsas problem “təhsil eksperti” anlayışına yanaşmanın yenə də kabinet təfəkkürü ilə ölçülməsidir. Təhsil sahəsində 5 il işləmək əlbəttə vacibdir, elmi məqalələrin olması da önəmlidir. Amma gəlin özümüzü aldatmayaq, Azərbaycanda elə insanlar var, 20 il kabinetdə oturub təhsilə bir fayda verməyib, elə gənclər də var ki, 2-3 ilə minlərlə müəllim və şagirdin həyatına real təsir edib. Təhsil eksperti statusu yalnız diplomun, vəzifənin və ya məqalə sayının arxasında gizlənən formal titul olmamalıdır. Bu gün sosial platformalarda, ictimai müzakirələrdə, məktəblərdə, regionlarda müəllimlərin problemlərini gündəmə gətirən, valideynlərlə işləyən, real sahəni yaşayan insanlar var. Onların bəzilərinin yüzlərlə elmi məqaləsi yoxdur, amma təhsilin nəbzini çoxlarından yaxşı tuturlar. Çünki təhsil yalnız nəzəriyyə deyil, həm də praktikadır, ünsiyyətdir, problemin içində olmaqdır.

Bir az ironik yanaşsaq, belə çıxır ki, sabah hansısa müəllim 10 məqalə dərc etdirib, amma ömründə bir şagirdin problemini həll etməyibsə, avtomatik “ekspert” olacaq? Digər tərəfdən isə gecəsini-gündüzünü təhsilin problemlərinə sərf edən, layihələr quran, minlərlə insanın etimadını qazanan biri “yox, sən hələ ekspert deyilsən” cavabı alacaq. Bu, reallıqdan uzaq yanaşmadır. Əslində, ekspert statusunu cəmiyyət verir. İnsanların sənə güvəni, fikirlərinin təsiri, sahəyə verdiyin töhfə müəyyən edir. Təhsil elə bir sahədir ki, burada hər şeyi yalnız akademik çərçivəyə salmaq mümkün deyil. Əks halda illərlə eyni problemləri danışıb, yenə də nəticəsiz qalardıq.