Əliməmməd Nuriyev namizədliyini geri götürdü -AÇIQLAMA

Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev VII çağırış parlament seçkilərində iştirakla bağlı namizədliyini geri götürüb. Bu barədə Ə.Nuriyev sosial şəbəkə hesabında məlumat verib. Sabiq deptat bildirib ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verib. 

“Sherg.az”a açıqlamasında qərarı ilə bağlı müxtəlif səbəbləri əsas gətirən hüquqşünas qeyd edib ki, fəaliyyətində əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır: 
“75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Hələ, müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir. 
İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır”.

Ə. Nuriyev qeyd edib ki, Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əksəriyyət Lənkərana üz tutur: 
“Kənd təsərrüfatı, turizm  potensialının səmərəli istifadəsi çox-çox aşağıdır. Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotikə qarşı mübarizə məsələlərini  qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin də çox faydası olmayacaq. Bu kimi faktları topladıq ki diqqətə ərz edək.
Bir sözlə  mümkün olanın ən yaxşısını etdik. Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi.
Bu təşəbbüsümüzlə, yeni vizyon təqdim etməklə regionla əlaqədar siyasətin səmərəliyinin artacağına, əlaqədar şəxslərin daha məsuliyyətli olacağına  əminəm.Fəaliyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır”.

Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP-ın namizədi Əliyev Sərvər Məlikməmməd oğludur.
İndiyədək isə bu dairədən seçilən Musa Qasımlı IV, V, VI çağırış Milli Məclisin deputatı olub. O, VII çağırış parlamentində də namizəddir.
Xatırladaq ki, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Vahid Əhmədov da bir neçə gün əvvəl 59 saylı Quba seçki dairəsindən namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan başqa, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən jurnalist Elşad Paşasoy da namizədliyini geri götürüb.