“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edilib

Bu gün İnsan Hüquqları üzrə Müvəkkili və Mərkəzi Seçki Komissiyası “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edib.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərində olduğu kimi parlament seçkilərində də beynəlxalq müşahidəçilərin azad edilmiş ərazilərdə seçkiləri müşahidə etməsində maraqlıdırlar.

Məzahir Pənahov indiyə qədər 390 nəfərə qədər deputatlığa namizədin qeydə alındığını, beləliklə, hazırda 1 deputat mandatına 3 iddiaçının olduğunu qeyd edib. MSK sədri ölkədə dövlət qeydiyyatına alınan 26 partiyadan 25-nin seçkilərə qatıldığına da diqqət çəkib: “İnsan Hüquqları üzrə Müvəkkili də seçici hüquqlarının qorunmasında aktiv iştirak edir. Biz Azərbaycan xalqının sərbəst seçmək hüququnu təmin edəcəyik”.

Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib ki, bundan öncə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində, azad olunmuş torpaqlarda prezident seçkiləri keçirilib: “İndi isə parlament seçkiləri həm də ilk dəfə azad olunmuş ərazilərdə keçiriləcək. Hazırkı tədbir seçki hüququnun səmərəli təmininə həsr olunub. Seçki hüququ insan hüquqları sırasında mühüm yer tutur”.

Səbinə Əliyeva ötən seçkilər dövründə İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşlarının fəaliyyəti barədə məlumat verib. Ombudsman tövsiyələrini də açıqlayıb: “MSK tərəfindən hazırlanmış yaddaş kitabçalarının geniş yayılmasını tövsiyə edirik. Əlilliyi olan şəxslərin seçki məntəqələrinə gələn vətəndaşlar üçün yaradılan şəraitin daha da genişləndirilməsini vacib sayırıq. Maarifləndirmə üçün daha çox videoçarxların yaradılmasını tövsiyə edirik. İnanırıq ki, parlament seçkiləri də demokratik, azad, şəffaf şəkildə, əhalinin fəallığı şəraitində keçiriləcək ”

Tədbir müzakirələrlə davam edib.