“...Amma bir gün mütləq ucuzlaşacaq”
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5 faizdən 7 faizə çatdırılması barədə qərar qəbul edib. Sözügedən qərar haqqında qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Konfransda ölkədə yenidən devalvasiya olması fikirlərinə münasibət bildirilib. E.Rüstəmov manatın məzənnəsinə heç bir təhdid və təzyiq olmadığını deyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtiadçı ekspert Natiq Cəfərli Azərbaycanda qiymət artımının spesifik xüsusiyyətləri olduğunu vurğulayıb:
“Mərkəzi Bankın uçot dərəcəsinin artırılması dünyada gedən proseslərlə, Azərbaycandakı inflyasiya səviyyəsinin yüksək olması ilə izah olunur. Hər bir halda Mərkəzi Bankın bu addımı ölkədə onsuz baha olan kredit faizlərini bir az da yüksəldəcək. Yəqin, həm istehlak, həm də biznes kreditlərində 0.5-1 faiz arası artım olması gözlənilir. Mərkəzi Bankın bu qərarı faizlərə daha çox təsir göstərir, nəinki inflyasiyanı aşağı salır. Təəsüf ki, inflyasiyanı yaradan amillər fərqlidir. Azərbaycanda rüsumların, vergilərin yüksək, inhisarçılıq mövqeyi, bazarda oyunçu sayının az olmasından, rəqabət mühitinin zəifliyindən doğur. Bu qərar bank sektorunda kredit faizlərinin artmasına səbəb olan amilə çevriləcək”.
N.Cəfərli manatın məzənnəsi ilə bağlı məsələyə də diqqət çəkib:
“Elman Rüstəmov məzənnədən də danışıb - bu dəfə haqlıdır, yaxın aylarda (1-2 il də ola bilər, neftdən asılıdır) məzənnə dəyişikliyi olmayacaq. Nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur. Amma Elman müəllim də bilir ki, uzun zaman sabit və inzibatı məzənnə rejimini saxlamaq mümkün deyil, günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni, manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq”.