Son günlər əsas müzakirə mövzularından biri Türkiyə milli valyutası-lirənin çökməsidir. Bundan ruhlanan Türkiyə müxalifəti erkən parlament seçkilərinin keçirilməsinə çağırışları bir daha yada salıb. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə seçkilərin nəzərdə tutulduğu kimi 2023-cü ildə keçiriləcəyini bildirib:
"Önümüzdə 1,5 il var. Görüləcək işlərlə 2023-cü ilini yeni zəfər ilinə çevirəcəyik".
Qeyd edək ki, bu günə olan məlumata görə, dolların məzənnəsi alışda 12,0175 Türk Lirəsi (TL) , satışda isə 12,0461 TL-dir. 25.11.2021-ci il tarixinə dolların alış və satış məzənnəsi 16:52-də yenilənib. 1 dollar 12.0175 türk lirəsinə uyğun gəlir. 1 dollara 12.0175 türk lirəsini almaq olar.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Əhəd Məmmədli bildirib ki, lirənin ucuzlaşmasının müsbət cəhətləri də var:
"İqtidar sosial, iqtisadi baxımdan çətin duruma düşəndə müxalifət erkən seçki tələb edə bilər, normal haldır. Amma Prezident və Ədalət və İnkişaf (AK) partiyasının erkən seçkilərə gedəcəyini düşünmürəm. Buna ehtiyac yoxdur. Lirənin düşməsi ajiotajı da qısa sürdü. Düzdür, lirənin ucuzlaşmasında neqativ amillər var. Lakin pozitiv faktorları qeyd etmək lazımdır. Lirə ucuzlaşdıqca Türkiyə investisiyasına xarici investorların yatırımı çoxalır. Çinin də metodu belədir. Hərdən Çin investorları bilərəkdən valyutanı ucuzlaşdırır".
Politoloq bildirib ki, lirənin ucuzlaşmasına rəğmən Türkiyə iqtisadiyyatı inkişaf edir:
"Beynəlxalq valyuta fondunun açıqlamasında , il ərzində Türkiyə UDM-nin 9 faiz artdığını söyləyir. Bu da dünya ölkələri nisbətdə çox böyük artım deməkdir. Türkiyə iqtisadiyyatının uğurudur. Nəticələr göstərir ki, rəsmi Ankarının iqtisadiyyatının batdığı barədə yayılan şayiələr yalandır. Heç kəsə sirr deyil ki, bu Amerikanın Türkiyəyə qarşı iqtisadi müharibəsidir. Amerika 2010-cu ildən sonra hər baxımdan R.T.Ərdoğan iqtidarını hakimiyyətdən getməsi üçün rəsmi Ankaraya həmlələr etdi, lakin bacarmadı. İndi isə sonuncu təhlükəli həmləyə əl atıb. Türkiyədə iqtisadi, maliyyə, sosial böhran yaratmaqla Ərdoğanı hakimiyyətdən devirmək istəyir. Ən azı erkən seçkilərin keçirilməsini arzulayır. Amma cəhdləri iflasa uğrayacaq.
BƏƏ səfiri Türkiyəyə səfər etdi. Ölkənin çoxşaxəli xarici siyasəti Amerikanın iqtisadi-sosial maliyyə hücumunu dəf etməyə imkan verəcək".