Banklar dolların alış qiymətini qaldırıb! – Manata təhlükə var? – Açıqlama

“Milli valyutada maaş alanların və digərlərinin tez-tələsik pullarını dollara dəyişməyinə ehtiyac yoxdur”

“Azərbaycanın əsas valyuta gətirən sahəsi neft və qazdır. Onlarda da qiymət stabilir”

“Ümumiyyətlə, Azərbaycan valyutasına, neftin qiyməti 45 dollardan yuxarı olduğu şəraitdə heç bir təhlükə yoxdur”


Azərbaycanda banklar dolların alış qiymətini qaldırıb. Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.O qeyd edib ki, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir. Lakin, iqtisadçının sözlərinə görə, bankların bu addımı FED ilə əlaqə deyil:

“İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instinkti yaranır. Amma indi ilin əvvəlidir. Maraqlısı budur ki, satış bahalaşmayıb”.

Bu xəbəri “Sherg.az”a şərh edən iqtisadçı alim Nazim Bəydəmirli dolların alışının artma səbəbini açıqlayıb:

“Özəl sektorun, o cümlədən, bankların xarici borclarını qaytarılması təqvim üzrə ilin sonuna və ilin başlanğıcına təsadüf etdiyindən bu vaxtlarda dolların alışında bahalaşma müşahidə olunur. Banklar tərəfindən hər il belə təbii olaraq, tələbat artır”.  

İqtisadçı dolların qiymətində artım olmayacağını düşünür:

“Hesab edirəm ki, biz 1 dolların 1 manat 70 qəpik ətrafından çox da ciddi dəyişikliyini görməyəcəyik. Makroiqtisadi göstərici olaraq, Azərbaycan höküməti dolların qiymətini dolların kursunu 1 manat 70 qəpik müəyyən edib. Bütün gözləntilər də dolların stabil qalmasındadır. Həm də Azərbaycanda dolların kursu inzibati yollarla müəyyən olunduğuna görə və ölkənin dövriyyə balansı müsbət olduğuna görə dolların bahalaşmasına heç bir obyektiv səbəb yoxdur. Zənnimcə, ciddi dalğalanma ola bilməz”.

N.Bəydəmirli vətəndaşları ajiotaj yaratmamağa çağırıb:

“Eyni zamanda vətəndaşları sakitliyə və ajiotaj etməməyə dəvət edirəm. Milli valyutada maaş alanların və digərlərinin tez-tələsik pullarını dollara dəyişməyinə ehtiyac yoxdur. Azərbaycanın əsas valyuta gətirən sahəsi neft və qazdır. Onlarda da qiymət stabilir. Ümumiyyətlə, Azərbaycan valyutasına, neftin qiyməti 45 dollardan yuxarı olduğu şəraitdə heç bir təhlükə yoxdur”.

Çimnaz ŞAHLAR