Hesablama Palatası Naxçıvanın Sosial Xidmətlər Agentliyində nöqsanlar aşkarlayıb

Hesablama Palatasında sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Palatadan verilən məlumata görə, iclasda ilk olaraq “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeliyindəki qurumlar tərəfindən dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditi”nin keçirilməsi müddətinin artırılması qərara alınıb, habelə “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı təsdiq edilib.

İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.