Tofiq Abbasov: Moskva təhlükəsizlik çətirini bütünlüklə rəsmi İrəvanın üzərinə qaldırıb

İyulun 31-də Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Ermənistan KİV-i buradan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir. İddialara görə, İrəvan hökuməti bir neçə ay öncə “Zvartnots” Hava Limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Baş nazir Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir. 

Rusiyanın "Zvartnots" hava limanından öz sərhədçilərini çıxarmasının müəyyən mənada Ermənistana edilən güzəşt olduğunu vurğulayan politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki,  bu faktiki olaraq bir o qədər də önəmli hadisə deyil:

“Bu sadəcə olaraq Ermənistanın kövrək və güc strukturlarının zəif olmasına işarə edir. Digər tərəfdən ermənilər mifik tərzdə imkanlarını böyüdürlər və dünyaya müstəqilliyə layiq dövlət olduqlarını göstərirlər. Amma reallıqda Ermənistan çox zəif dövlətdir. Ermənistan hər zaman güc toplamaq və yardım almaq üçün başqalarına arxalanır. İndi də Ermənistan sülh məsələsində özbaşına hərəkət edə bilmir. Hətta rəsmi İrəvana özbaşına addımlar atmamaq barədə qadağa da qoyublar. Onlar ancaq Qərb, xüsusilə də ABŞ və Avropa İttifaqının razılığı ilə hərəkət edirlər. Bu bir daha göstərir ki, Ermənistan cəmiyyətinin imkanları çox kasaddır. İqtisadi proseslərinin 70 faiziniRusiya idarə edir. Ümumilikdə Ermənistanın təhlükəsizliyi Rusiyanın nəzarətindədir. Moskva təhlükəsizlik çətirini bütünlüklə rəsmi İrəvanın üzərinə qaldırıb. "Zvartnots" hava limanından Rusiya sərhədçilərinin çıxması müəyyən dairələrdə  Ermənistanın böyük nailiyyəti kimi dəyərləndirilə bilər. Lakin bu belə deyil, çünki 30 ildən artıqdır Ermənistan müstəqilliyini əldə edib və bununla bağlı təmtəraqla hər yerdə danışırlar. Yalnız 4-cü onilliklər başlayanda ruslar bu məsələdə Ermənistana güzəştə getdi. Sözügedən proses isə Qərbin təziqi altında Ermənistanın qazandığı irəliləyişdir. Belə məsələlərin ardı gəlməyəcək. Davamının gəlməsi üçün Ermənistan köklü surətdə xarici prioritetlərinə yenidən baxmalıdır. Birinci burada KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsi dayanır. Ermənistanın yeni istəklərini həyata keçirilmək üçün rəsmi Moskva ilə qarşıdurma meyillərinə gəlməsinə diplomatik resursları yoxdur ".