Professor: Dilimizlə bağlı problemlər çoxdur

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova “Sherg.az”a bildirib ki, Azərbaycan Dili Günü ölkəmizin milli bayramıdır:

“Bu günün qeyd edilməsinin də tarixçəsi var. Müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi hadisələrdə baş verən dəyişikliklər Ana dili ilə bağlı problemlərin həll olunmasına istiqamət verdi. Azərbaycan əlifbası müxtəlif dövrlərdə orxan, ərəb, latın qrafikasından sonra kril qrafikasına keçirilib Müstəqillik illərində əlifbalar Azərbaycan xalqına zorla qəbul etdirilərək, görkəmli alimlər tərəfindən geniş şəkildə əsaslandırıldı. 1990-cı ildə əlifba komitəsi yaradıldı. Həmin komitənin sədri görkəmli ictimai xadim və Azərbaycan Elmlər Akademiyasının müxbür üzvü olan Afad Qurbanov təyin edildi. Müstəqillik əsasında komitə işə başladı. Latın qrafikalı əlifba qəbul edilməsi əsaslandırıldı. Afad Qurbanovun uzunmüddətli səriştəsi, qrafika haqqında apardığı elmi təqdiqatlar nəzərə alınaraq bu ona həvalə edildi. 1991-cı ildə Latın qrafikasının qəbul edilməsi haqqında qərar verildi. Bu qərar əsasında Latın qrafikası ölkə daxilində istifadə edildi. Problemlərin başlıcası kril qrafikası ilə latın qrafikasının yanaşı işlənməsi idi. 2001-ci ildə Heydər Əliyevin Azərbaycan dilinin tədrisi və təkmilləşdirilməsi haqqında fərman imzaladı. Həmin fərmana uyğun olaraq avqustun 1-dən latın qrafikasının keçirilmək qərarı alındı. 9 avqustda fərman verildi. Fərmana əsasən avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edildi. Əlifbada əsas problemlərdən biri A üzərindi iki nöqtənin qoyulması idi. Eyni zamanda hərflərin qrafik sisteminin növbəyə düzülməsində də müəyyən problemlər var idi. Həmin problemlərdə hissə-hissə aradan qaldırıldı. Sevindirici haldır ki, türk xalqları arasında ilkin olaraq latın qrafikasını qəbul edən Azərbaycan Respublikası oldu. Dilimizlə bağlı problemlər çoxdur. Ədəbi dil normaları müəyyən qədər qorunsada, şifahi danışıqda alınma sözlərdən geniş şəkildə istifadə edilir. Reklamların dili hər kəsi narahat edir. Hər kəs tərəfindən anlaşılan şəkildə olmalıdır. Hazırda bağçalarda və orta məktəblərdə loru danışıq tərzi müşahidə edilir. Bu isə istər danışıqda, istərsə də yazılış formasında alınmaların işlənməsində özünü əks etdirir”.