Bir neçə gün öncə iqtisadçı Natiq Cəfərli Globalionfo.az-a açıqlamasında uşaqpulunun verilməsinin mümkünlüyü ilə bağlı fikir bildirib.
Sitat: “Vətəndaşların övladlarını normal böyüdə bilməsi üçün bir dövlət dəstəyinə ehtiyacı var. Bu güvən ailələrdə yaranarsa, onlar ikinci, hətta üçüncü uşağı daha rahat planlaya bilərlər. Bu da Azərbaycanda demoqrafik vəziyyəti düzəldə bilər. Ona görə də ümid edirəm ki, bu məsələ yeni parlamentdə birdəfəlik öz həllini tapacaq. Düşünürəm, ciddi müzakirələrdən sonra insanların gözləntisinə cavab verən bir qərar alınacaq”.
Sual yaranır: Görəsən, yeni parlament uşaqpulu məsələsi ilə bağlı ictimaiyyətin gözləntisini doğruldacaqmı?
Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, son vaxtlar ümumiyyətlə, Azərbaycan ailələrində uşaqların sayı kəsin şəkildə azalıb.
O, hətta əhali sayının da artmadığını bildirib:
Tural Abbaslı
“Səhv etmirəmsə, 2050-ci ildə Azərbaycanda yenidən 8 milyon adamın olacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, artıq ölkədə doğum sayı azalır. Azalma isə müxtəlif səbəblərdən ola bilər. Məsələn, Avropa və digər ölkələrdə də belə bir hal var. Amma orada bu, rifahdan, özlərini problemə salmamaqdan irəli gəlir. Azərbaycan kimi müsəlman ölkələrində ailələrdə uşaqlar hər zaman sevilir. Sadəcə, maddi problemlər, imkansızlıq, şəraitsizlik ailələrin uşaq dünyaya gətirməsinə mane olur. Bu da illərdir dediyimiz uşaqpulu məsələsinin həllini tapmalı olduğunu labüd edir. Sonra kimsə deməsin ki, müxalifət uşaqpulunu arqument kimi istifadə edir, başqa bir sözü yoxdur və s. Təcrübə də sübut edir ki, uşaqpulunun verilməməsi əhali sayına birbaşa təsir edir”.
T.Abbaslının fikrincə, yeni parlament ictimaiyyətin uşaqpulu ilə bağlı olan gözləntilərini doğrultmayacaq:
“Realist olmaq lazımdır. Düşünmürəm ki, parlament belə qərarları özbaşına verə biləcək mövqedə olsun. Bu, tam siyasi bir qərardır və o qərarı da siyasi rəhbərlik verməlidir. Siyasi rəhbərlik belə bir qərar verənə qədər inanmıram, Yeni Azərbaycan Partiyasının (YAP) hansısa deputatı və ya bitərəflərdən kimsə durub bunu təklif etsin. Müxalifət belə bir şey edə bilər. İndiyə qədər parlamentdə müxalifətdən ən yaxşı halda 11-12 nəfər deputat oldu. Lakin bu da heç nəyi həll etmir. Ona görə uşaqpulu mövzusunda optimist deyiləm. Yəni yeni parlamentdə uşaqpulu məsələsinin həll olunmayacağını, problemin isə aktual olaraq qalacağını düşünürəm”.
Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a söyləyib ki, bu məsələ ilə bağlı illərdir danışır:
“Sanki eşitməli olanlar bunu dinləmək istəmir. Azərbaycanda hər kəsin uşaq pulunu birdən-birə artırmaq mümkün deyil. İlk növbədə güzəranı yaxşı olmayan ailələrə uşaq pulu verilməlidir. Elə ailələr var ki, gəliri 10 mindən artıqdır. Onların uşaq puluna ehtiyyac yoxdur. Həmin insanlara desələr ki, ayda 100 manat uşaq pulu verəcəyik, gülərlər. Bəzi ailələrin isə 20 manata belə ehtiyyacı var. Deyəndə ki, hər kəsə verək, bildirirlər ki, pul çatmır. Bu zaman qurunun oduna yaş da yanır. Ölkənin imkanının zəif olduğunu başa düşürük. Sadəcə təklif edirik ki, differensial yanaşılsın. Birinci növbədə ağır vəziyyətdə olan ailələrə uşaq pulu verək. Ölkənin vəziyyəti yaxşı olduqda hər kəsə uşaq pulu vermək olar. Fərqli yanaşma ilə bu məsələni düzəltmək lazımdır. 20 ildir bu söhbət gedir. Doğulan uşaq tək ata ananın deyil, həm də ölkənindir. Oğlan uşağı böyüyəndə qolundan tuturlar ki, get əsgərliyə, ölkəni qoru. Ona görə də uşağı yalnız valideynin ümidinə atmaq olmaz. Dövlət də qayğısına qalmalıdır. Uşaq pulunu ağır vəziyyətdə olan ailələrə verək deyəndə, başlayırlar ki, o biri uşaqda deyəcək mənə verilmir. Zəngin ailənin uşağı elə söz deməyəcək, sadəcə siz gülməli sözlər danışırsınız”.