Sən saydığını say...
Beynəlxalq təşkilatlar manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edirlər
Azərbaycanın Mərkəzi Bankı (AMB) pul-kredit siyasətini sərtləşdirməyi məqsədəuyğun hesab etmir.
Bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
"Fitch Ratings"in son tövsiyələri ilə tanış olduğunu xatırladan AMB sədri hesab edir ki, Azərbaycanda pul-kredit siyasətinin strukturu müqayisə olunacaq "BBB-" reytinqli ölkələrə nisbətən zəifdir: “Biz hesab edirik ki, ölkənin maliyyə bazarındakı və inflyasiya ilə əlaqədar vəziyyət pul-kredit siyasətinin zəruri sərtləşdirilməsinə gətirib çıxarmır. AMB-nin dəqiqləşdirilmiş proqnozu üzrə 2025-ci ildə inflyasiya 5,4-5,5 faiz olacaq və bu, beynəlxalq maliyyə institutlarının gözləntilərinə uyğundur. Belə ki, keçmiş proqnozda bu rəqəm 4,7 faiz idi.
2024-cü ildə biz 5,4 faiz inflyasiya gözləyirik, bundan əvvəl apreldə 3,5 faiz proqnozlaşdırırdıq, lakin yayda bu proqnozu dəqiqləşdirdik".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir:
“Azərbaycandan pul-kredit sistemini sərtləşdirməyi də ona görə tələb edirlər ki, ölkəmizdə inflyasiya, qiymət artımı təhlükəsi var. Sərt pul siyasəti isə o deməkdir ki, Mərkəzi Bank uçot dərəcəsini artırmalı, banklara daha az kredit verməli, bir sözlə, pul həcmini sıxmalıdır ki, qiymət artımı olmasın. Lakin T.Kazımovun mövqeyində həqiqət payı var. Beynəlxalq bank təşkilatları ölkələrin pul-kredit siyasətinə standart yanaşırlar. Zənn edirlər ki, haradasa qiymət artımı təhlükəsi varsa, mütləq orada pul kredit siyasəti sərtləşdirilməlidir. Amma bu şərtlər Azərbaycan üçün keçərli deyil. Ölkəmizdə qiymət artımı Mərkəzi Bankdan asılı olmur. Niyə? Xatırlayırsınızsa, bu yaxınlarda Tarif Şurası ictimai nəqliyyatın və Aİ 92 və dizel benzinlərinin qiymətini qaldırdı. Buna MB nə edə bilər? Azərbaycanda bazarlara çıxarılan malların əksəsiyyəti idxal malları olduğu üçün pul siyasətinin sərtləşdirilməsinin heç bir faydası olmayacaq. Əksinə, ölkə iqtisadiyyatına mənfi təsir edəcək və iqtisadi aktivlik azalacaq”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın son vaxtlarda həyata keçirdiyi pul siyasəti antiinflyasiya xarakterli kimi səciyyələndirilir:
"Hazırda inflyasiyanın yüksək səviyyəsi bütün dünyada müşahidə edilən bir prosesdir. Qlobal pandemiya, hazırda isə Rusiya-Ukrayna müharibəsi iqtisadi inkişaf üçün şərtləri çətinləşdirib. O cümlədən istehsalın azalması, həyati əhəmiyyətli malların ixracının məhdudlaşması, daşıma, logistika zəncirinin qırılması istehlak bazarında tələbin təklifi üstələməsi, son nəticədə isə inflyasiyanın yüksəlməsi ilə nəticələnib. Dünya bazarındakı belə vəziyyət ölkələrə də təsirsiz ötüşmür. Azərbaycan qlobal iqtisadiyyata sıx inteqrasiya etdiyinə görə, xarici təsirlərin ölkəmizin maliyyə sektoruna təsir ehtimalları da qalmaqdadır. Mərkəzi Bank isə optimal pul siyasəti həyata keçirməklə mənfi xarici təsirləri önləməyə çalışır".