Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi müsbət nəticə verərsə, Ermənistanla sərhəd qapılarımızı aça bilərik.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində deyib.
"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticə verməsi üçün ssenarimizi hazırlamalıyıq.
Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz sərhəd qapımızı aça bilərik", - deyə o əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilib.
Hakan Fidanın fikirlərini “Sherg.az”a dəyərləndirən “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, hazırda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün kritik dərəcədə əhəmiyyətlidir:
“Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında sıxılır. Ermənistan faktiki olaraq siyasi poliqona çevrilib və gələcəkdə hərbi meydana çevrilməsi də istisna edilmir. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Buna görə də ən optimal variant regional əməkdaşlıq mühitinin təmin olunması, o cümlədən rəsmi Ankara ilə münasibətlərin normallaşmasıdır. Ermənistan isə Türkiyə ilə münasibətləri, həqiqətən, normallaşdırmaq istəyirsə, səmimi addımlar atmalıdır. S.Kılıç və R.Rubenyanın diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq və Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəlməsi Ermənistanın, həqiqətən də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyindən xəbər verir. Amma Türkiyə ilə Ermənistan arasında münasibətlərin indiki şəraitdə sona qədər davam etməsi mümkün deyil. Çünki Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu isə perspektivdə yenidən “suların bulanması” və regional təhlükəsizliyə təhdid yaranması üçün ciddi əsasdır”.