İranın xarici siyasətdəki güzəşt kodeksi: Haniyənin qətli regional müharibəyə səbəb ola bilər

Tehranda səfərdə olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-i gecə saat 2 radələrində onun yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində həlak olub. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb. İsmayıl Haniyənin öldürülməsi İranda şok effekti yaradıb. 
Bu əməliyyatın arxasında hansı qüvvələrin dayandığına dair iddialar, ehtimallar, gümanlar çoxdur. Əsas hədəf olaraq İsrail göstərilsə də, İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı Anna Ukolova “RİA Novosti”yə açıqlamasında məsələyə görə məsuliyyət daşımadıqlarını bildirib. 
Ölkənin ali lideri Əli Xamenei isə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Əli Xamenei onun qisasının alınacağına söz verib. Eyni zamanda, İran ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.

Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, HƏMAS liderinin Tehranda öldürülməsi əməliyyatı xarici kəşfiyyatın İranın təhlükəsizlik sektoruna nə qədər nüfuz etdiyini və İran daxilində yüksək səviyyədə qoruna biləcək hədəfləri vura bilmə dərəcəsini əks etdirir:

“Tehrandakı partlayışın səbəblərini İranın xarici siyasətdəki güzəşt kodeksinin bir hissəsi kimi də araşdırmaq olar. Bu bir qədər fərqli mövzudur, biz isə ona köklənə bilərik ki, səbəblərdən asılı olmayaraq HƏMAS liderinin öldürülməsi, İsrail üçün taktiki uğurdur. Ancaq bunun strateji nəticələrini İranın İsrailə qarşı mümkün hücumlarından sonra hesablamaq mümkündür. İran qisas vəd edir. Buna görə də İran qərara ala bilər ki, proksi qüvvələrinin iştirakı ilə İsrailə qarşı genişmiqyaslı pilotsuz təyyarə və raket hücumları təşkil etsin. Bu, İranın 2024-cü ilin aprelində İsrailə qarşı həyata keçirdiyi hücumlara bənzəyə bilər”.


Ekspert qeyd edib ki,  İsrailin qorunma gücünə müttəfiqlərinin əlavə dəstək verməsi Tehranın işini çətinləşdirir:
“Proses Qəzzadakı münaqişənin artıq regional müharibəyə çevrilmək imkanlarını artırır, lakin İranla İsrailin birbaşa müharibəyə girməsi riskli olduğundan tərəflər bundan yayınırlar. Yaxın Şərq üzrə proqnozlaşdırmaq olar ki, İran “Hizbullah” və HƏMAS-a növbəti həmlələr üçün istiqamət verəcək. Bu, mövcud gərginlik üzrə İranın xeyrinə dönüş yaratmaq və daha geniş regional eskalasiyaya nail olmağa hesablanacaq. İran İsraili regional toqquşmalarla taqətdən salmağa çalışır. Amma bunun əks effektləri Tehranın ambisiyalarına zərbələr vurur. 
Bütün bunların fonunda İran Prezidenti Məsud Pezeşkianı ağır sınaq gözləyir. Bir tərəfdən Qərblə münasibətləri istiləşdirmək istəyən Pezeşkian indi SEPAH-ın üstünlük verdiyi cavab tədbirlərinə uyğunlaşmalı və ona qarşı getməkdən çəkinməlidir. Bu tarazlıq pozulsa, Pezeşkian daxildə güclü müqavimətlə üzləşəcək”.