Bu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 251 mln. dollar əməliyyat xərcləri və təxminən 407 mln. dollar əsaslı xərclər çəkilib.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.
Beləliklə, bu ilin yanvar-iyun aylarında “Şahdəniz” üzrə ümumi xərclər təqribən 1 658 mln. dollar təşkil edib.
“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 mlrd. standart kubmetr qaz (illik müqayisədə 7,7% artım) və 2 mln. tondan çox kondensat (göstərici dəyişməyib) hasil edilmişdir.
Hesabatda bildirilir ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 mln. (ildə təqribən 29,5 mlrd.) standart kubmetrdir.