Psixoloq: Depressiya və narahatlıq riski artır

İsti havalar insanı psixoloji cəhətdən daha həssas və emosional hala salır


  Yay aylarının gəlişi ilə artan temperaturlar təkcə bədənimizə deyil, psixologiyamıza da təsir edir. Həddindən artıq isti hava əsəbilik, yuxusuzluq, diqqəti toplamaqda çətinlik, yorğunluq, zəiflik və motivasiyanın olmaması kimi müxtəlif mənfi təsirlərə səbəb ola bilər.
Psixoloq Darya Duqentsova da isti havanın  psixiatrik simptomları pisləşdirdiyini təsdiqləyib.  Psixoloq həmçinin  qeyd edib ki, insanın psixi vəziyyəti əsasən havadan asılıdır. İstilik daha çox mənfi təsir göstərir. Alimlər psixikanın yüksək temperaturun təsiri ilə dəyişdiyini sübut ediblər: “Belə şəraitdə psixiatrik diaqnozu olan insanlar özlərini daha pis hiss edirlər. Onların simptomları daha da pisləşir.
Bununla belə, sağlam insanlar da əziyyət çəkir - məhsuldarlıq və performans azalır, insanlar hirsli və əsəbi olurlar. Stressə qarşı müqavimət azalır”. 
Onun sözlərinə görə, bədən çox işləyir, ona görə də insanın xoşagəlməz vəziyyətlərə müqavimət göstərməsi daha da çətinləşir:
“Psixiatrlar istinin təsirinin hətta halüsinasiyalarla müşayiət oluna biləcəyini qeyd edirlər. Bütün bunlar şəhər mühitində daha da ağırlaşır”.
  Duqentsova hesab edir ki, istilik səbəbindən vəziyyətin pisləşməsinin öhdəsindən gəlmək üçün istirahət və iş arasında tarazlığı saxlamaq lazımdır.
“Əlavə öhdəliklər götürməzdən əvvəl sağlamlığınıza nəzarət etməyi və bədəninizi dinləməyi tövsiyə edirəm”, - deyə o vurğulayıb.

Psixoloq Təhminə Rəfiyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, isti hava insanı psixoloji cəhətdən daha həssas və emosional hala salır. Sərin və soyuq havada insanlar nisbətən daha sakit və ruhən daha rahat olurlar:

 “Anomal istilik insan psixologiyasına birbaşa təsir edir və əslində, ciddi narahatlıqlar yaradır. Həddən artıq isti hava orqanizmdə stres səviyyəsini artırır ki, bu da ruhi pozğunluqlara yol aça bilir. Bunun da müxtəlif səbəbləri var. Məsələn, isti havalarda çölə çıxmaq istəyi azalır, bu da öz növbəsində sosial izolyasiyaya səbəb ola bilir. Sosial təcrid depressiya və narahatlıq riskini artırır. İştah azalır, fast food kimi zərərli qidalara meyl artır. Adətən isti havalarda bədən istiliyimizi balanslı saxlamaq üçün daha çox çalışırıq. Bu, yorğunluq və zəiflik hissinə səbəb olur.  Bədən istiliyinin artması əsəbilik və gərginlik kimi emosional reaksiyalara da səbəb olur. İsti havalarda tərləmə ilə maye itkisi artır. Yetərsiz maye qəbulu dehidrasiyaya və baş ağrısı, başgicəllənmə və konsentrasiyada çətinlik kimi müşayiət olunan simptomlara səbəb olur.  Dehidrasiya əhvali-ruhiyyəyə mənfi təsir göstərərək əsəbilik, narahatlıq və yorğunluq yaradır. Qeyri-sağlam qidalanma əhvali-ruhiyyəyə mənfi təsir göstərir. Eyni zamanda da istidə yuxuya getmək, yatmaq çətinləşir. Bu, ertəsi gün yorğunluq, əsəbilik və diqqəti cəmləməkdə çətinlik kimi problemlərə səbəb olur.  Qeyri-kafi yuxu əhvali-ruhiyyəyə mənfi təsir göstərərək depressiya və narahatlıq riskini artırır. Orqanizmdə serotonin və dopamin kimi əhvali-ruhiyyəyə təsir edən hormonların balansının  pozulması da depressiya, narahatlıq, motivasiya çatışmazlığı kimi simptomlara səbəb olur. 
  Çalışmaq lazımdır ki, isti havalarda mümkün qədər bu sadalananlara riayət olunsun. İsti havalarda insanların daha da həssaslaşdığını nəzərə alsaq, tövsiyə edirəm ki, hər kəs ətrafındakı insanlarla maksimum şəkildə təmkinli davransın. Təbii ki, qarşı tərəfə ötürülən müsbət enerji bumeranq effekti ilə geriyə qayıdır. Hava şəraitindən asılı olmayaraq, hər kəsi pozitiv olmağa və bu pozitivliyi doğmaları və ətrafındakıları ilə bölüşməyə çağırıram".