Manata təzyiq varmı? – İZAH 


Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə ölkə başçısı respublikamızdakı iqtisadi vəziyyətə diqqət çəkib. Azərbaycan lideri qarşıya qoyulan məqsədlərin həyata keçirildiyini bildirib:
“İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. 

Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir. Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

Prezident qeyd edib: 

“Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Azərbaycanda biz elə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”.

  İqtisadçı- ekspert  Fuad İbrahimov da qeyd edib ki, çətin vəziyyətlərə rəğmən iqtisadiyyatımız inkişaf etdi:

“Cənab prezident tərəfindən verilən göstəricilər bir daha sübut etdi ki, tək müharibədən çıxmış ölkə kimi yox, eyni zamanda da post-pandemiyadakı vəziyyəti əlavə etsək,  göstəricilərimiz  əlverişli və pozitivdir. Digər ölkələrdən fərqli olaraq həm epidemiya, həm də müharibə şəraitini birgə yaşadıq. Belə çətin situasiyada Azərbaycan iqtisadiyyatı 5 faiz artdı”.
Ekspert prezidentin qeyri-neft sektoru və sənayeləşmə istiqamətindəki nəticələrimizi də düzgün vurğuladığını söylədi:
“Nəzərə almaq lazımdır ki, respublikamızın bütün regionlarında sənaye məhəllələrinin haqlarından məhz yaranması, burada fəaliyyət göstərməsi nəticəsində istehsal olunan məhsulların artıq ixraca yönləndirilməsi, paralel olaraq bu məhsulların yerli bazarda iqtisadi dövriyyəyə cəlb edilməsi statistik göstəricilər olaraq  məntiqi cəhətdən inkişaf görürük. Azad olunmuş torpaqlarda da aktiv olaraq  iqtisadi ünsürləri iqtisadi dövriyyəyə cəlb edirik".

İqtisadçı valyuta məsələsinə də toxunub:

“2021-ci ilə baxanda 2022-ci ildə daha sürətli inkişafla qədəm qoymuşuq. Xüsusi olaraq, valyuta ehtiyatlarımızın dayanıqlı şəkildə qalması, iqtisadiyyatımızda mühüm rol oynayan neftin qiymətinin də dünya bazarında dözümlü bir dəhlizə daxil olması ona dəlalətdir ki, bu il iqtisadiyatımız dinamik şəkildə inkişaf edəcək".

F.İbrahimov devalvasiya ilə bağlı öz fikirlərini ifadə edib:

“Manatın məzənnəsini şərtləndirən amillər mövcudur. Bunların içində ölkənin tədiyyə balansı var. Bu, idxal və ixrac arasında olan göstəricilərdir. Cənab prezident də çıxışında xüsusi qeyd etdi ki, bizdə idxal və ixrac arasında müsbət saldo var. Bu halda, manata hər hansısa ciddi təzyiq yoxdur. Yəni, bu günləri manatın məzənnəsinin sabit qalmasına uyğun mühit formalaşıb”.

Cəmilə Əzim