Aqrar sahənin sığortası çox risklidir


Dövlətin bu sahədə müəyyən təşviqedici addımları marağın artmasına səbəb olan amillərdən birinə çevrilə bilər

Ölkənin kənd təsərrüfatında, xüsusilə də meyvə tədarükü ilə məşğul olan fermer və sahibkarlar üçün mühüm yenilik baş verib.

Azərbaycanda iqtisadi məqsədlərlə ən çox əkilən meyvələr - xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma, armud, çiyələk, nar Nazirlər Kabinetinin qərarı ilə dövlət dəstəkli aqrar sığortanın əhatə etdiyi məhsulların sırasına daxil edilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dövlət dəstəkli olduğu üçün bu əkinlərin sığorta haqqının yarısını dövlət ödəyir.

Həmin bitkilər yalnız ölkənin ərzaq təhlükəsizliyinə görə deyil, həm də xaricə ixrac baxımından mühüm əhəmiyyət daşıyır. Sadalanan meyvələrin xaricə ixracı Azərbaycana təkcə 2021-ci ildə 180 milyon dollardan artıq gəlir gətirib. 

Meyvələr aqrar sığorta qaydalarına müvafiq, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel, leysan, ildırım vurması, şaxtavurmadan, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və s. risklərdən sığortalanır.

Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, özəl sığorta şirkətlərinin aqrar sektorda sığorta əməliyyatları aparmağında marağı çox azdır:

 "Çünki aqrar sahənin sığortası çox risklidir. Dövlətin bu sahədə müəyyən təşviqedici addımları marağın artmasına səbəb olan amillərdən birinə çevrilə bilər.

  Sığorta zəmanəti olan fermerlərin bu istiqamətə daha çox diqqət göstərməsi təbiidir. Amma ödənişlər elə səviyyədə olmalıdır ki, özəl sektorun da həmin sahələr və kənd təsərrüfatında sığorta işlərinin genişləndirilməsi üzrə marağı olsun. Qarşılıqlı istək çərçivəsində məsələnin həlli kənd təsərrüfatına kifayət qədər müsbət təsir göstərə bilər".