Çünki sahibkarların biznesi çökdüyü halda bankların verilən krediti tələb etməsi çətin olur
Mərkəzi Bankın hesabatına görə, ötən illə müqayisədə ev təsərrüfatlarına verilən istehlak kreditlərinin həcmi artıb. 2022-ci ilin martında Azərbaycanda verilən kreditlərin 51,4 faizi ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. Hesabat dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi ötən ilin mart ayı ilə müqayisədə 34,84 faiz artaraq 9,262 milyard təşkil edib.
Qeyd edək ki, ekspertlərin ən çox narahatlıq ifadə etdiyi mövzulardan biri də məhz istehlak kreditlərinin payının ümumi kredit portfelində artmasıdır.
Onların iddiasına görə, bankların kredit siyasəti ancaq istehlak kreditləri vermək üzərində qurulub. Əhalinin istehlak kreditinə olan tələbinin artmasına müxtəlif amillər təsir edir. Bunlardan ən vacibi gəlir səviyyəsinin xərcləri tam qarşılamağa yetməməsidir.
Azərbaycanda istehlak kreditlərinin məbləğinin biznes kreditlərindən yüksək olmasının səbəbindən danışan hüquqşünas Əkrəm Həsənov “Şərq”ə açıqlamasında hesabatda qeyd olunan məbləğin reallığı əks etdirmədiyini deyib. Onun sözlərinə görə, ev təsərrüfatlarına verilən kreditlərin 51,4 yox, daha böyük faizi əhatə etdiyini deyib:
“Hətta deyərdim ki, ev təsərrüfatlarına verilən istehlak kreditlərinin biznes krediti kimi rəsmiləşdirilməsi halları belə mövcuddur.
Azərbaycanda fəaliyyət göstərən ticarət şəbəkələrinin böyük bir qismi öz məhsullarını vətəndaşlara nisyə satırlar. Halbuki, özləri həmin məhsulu xaricdən alıb ölkəyə gətirmək üçün banklardan kredit götürürlər. Təsəvvür edin ki, hansısa bir elektronika mağazasına yaxınlaşıb nisyə komputer alırsınız. Halbuki, o məhsulu almaq üçün mağaza özü də bankdan kredit götürüb. Deməli, mağaza sahibinin bankdan götürdüyü kredit nisyə mal alan vətəndaşın maliyyələşməsinə xərcləndi. Hesabatlarda isə bu məbləğ ev təsərrüfatı kimi yox, bankların sahibkarlara verdiyi kredit kateqoriyasına aid edilir. Belə hallar çoxdur.
Ev təsərrüfatlarına verilən kreditlərin həcminin artma səbəbinə gəldikdə isə ekspert ölkəmizdə sahibkarlıq üçün sağlam mühit olmadığını deyib: “Biznes kreditləri ilə müqayisədə risk səviyyəsinin aşağı olmasıdır. İstehlak kreditlərinin məbləği biznes kreditlərinə nisbətən çox aşağıdır.
Ona görə də banklar sahibkarlara kredit verməkdə maraqlı deyil. Çünki sahibkarların biznesi çökdüyü halda bankların verilən krediti tələb etməsi çətin olur. Vətəndaşları isə məhkəmə ilə qorxutmaq, müxtəlif vasitəylə onlara hədə-qorxu gəlib problemli kreditləri geri almaq nisbətən asan olur. Daha dəqiq desəm, bank bir müəssisənin iflası nəticəsində vermiş olduğu neçə yüz manat biznes kreditini qısa müddətdə itirə bilər. Lakin onlarla, bəlkə də yüzlərlə şəxsə verilmiş eyni məbləğin itirilməsi təhlükəsi çox aşağıdır. Bütün bunlara görə Azərbaycan bankları istehlak kreditlərini verməkdə maraqlı olurlar.
Banklar kredit siyasətini sağlamlaşdırmaqla bağlı addımlar atmalıdır. İstehlak kreditlərinin faiz dərəcəsi biznes kreditlərinin faiz dərəcəsindən yüksək olması da bankların ev təsərrüfatına kredit verməkdə maraqlı olduqlarını göstərir.
Sahibkarlara verilən kreditlərin əksəriyyəti dövlət qurumlarıma, dövlət şirkətlərinə verilən kreditlərdir. Bu da arzuolunmaz bir haldır. Deməli, biznes kreditləri adı altında rəsmiləşən kreditlərin çox az bir hissəsi özəl biznes şirkətlərinin payına düşür. Qısası, ölkədə biznesin kreditə əlçatanlığı problemli məsələlərdən biridir. Bu baxımdan, istehlak kreditlərinin artmasına qarşı hansısa addım atmaq əvəzinə biznes kreditləşməsinin həcmini artırmaq daha məqsədəuyğun olar".
İqtisadçı-ekspert Cəfər İbrahimli isə qeyd edib ki, hazırda sahibkarlıq subyektlərinin kreditləşməsi ilə bağlı ciddi problemlər var. Banklar daha çox istehlak kreditləri verməyə maraq göstərir:
“İstehlak kreditlərinin verilməsində uzun müddətdir artım müşahidə olunur. Real sektora kreditlərin az verilməsinin fərqli səbəbləri var. Əsas amil kimi kommersiya banklarının qısa zamanda daha çox gəlir əldə etməyə çalışması göstərilir. İstehlak kreditlərinin məbləğinin biznes kreditlərinə nisbətən aşağı olmasıdır. Eyni zamanda istehlak kreditlərinin müddəti də azdır. Ev təsərrüfatlarına verilən kreditlərin mexanizmi də çox rahatdır. Gəlir təminatına dair arayış təqdim etməklə müəyyən vəsaiti götürmək olur. Kooperativ şirkətlər isə daha böyük vəsaitlər üçün banklara müraciət etdiyindən risklər də böyükdür. İstehlak kreditlərində faiz dərəcələri daha yüksək olur. Bunun nəticəsində bank qısa müddətə və yüksək faizlə verdiyi istehlak kreditindən daha çox gəlir əldə edir”.
İqtisadçının fikrincə, sahibkarlara verilən kreditlərin həcminin az olmasının digər səbəbi də onların bizneslərini tam şəffaf idarə etməmələrinə bağlıdır. Bu isə banklara sahibkarların maliyyə vəziyyətini, gəlirlərini tam izləməyə imkan vermir:
“Sahibkarlar banklardan kredit ala bilmək üçün maliyyə dayanıqlığını təsdiq etməlidir və kifayət qədər rentabelli layihə təqdim etməlidir. Lakin ikili mühasibat aparan, şəffaf fəaliyyət göstərməyən biznes subyektləri banklar üçün riskli müştəri hesab olunduğundan onlara kredit verilmir".